...

VHP sədri: "Birlikləri dağıdan şəxslərin sonradan yeni blok yaratması səmimi görünmür"

Siyasət Materials 21 Sentyabr 2007 12:21 (UTC +04:00)
VHP sədri: "Birlikləri dağıdan şəxslərin sonradan yeni blok yaratması səmimi görünmür"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı özünün hakimiyyətə yaxın olması səbəbindən müxalifət bloklarında təmsil olunmaması barədə ittihamları qəbul etmir. Bu barədə cümə günü Trend ə Rüstəmxanlı özü açıqlama verib.

Bir neçə müxalifət partiyası (Müsavat, AMİP, ADP, ASDP, Tərəqqi partiyaları, Azərbaycan Naminə İctimai Forum) yeni məşvərət qurumu yaradaraq mütəmadi toplantılar keçirirlər. Qalan müxalifət partiyaları isə bu formatdan kənardadır.

Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib ki, VHP-nin məşvərət qurumuna dəvət edilməməsinin səbəbi onun iqtidara qarşı loyal mövqe tutması ilə bağlıdır: "Həmçinin parlamentdə təmsil olunan müxalifət partiyalarına da münasibət fərqlidir" - deyə Dəmiroğlu VHP sədrinin Milli Məclisin deputatı olmasına işarə edib.

Rüstəmxanlı bu fikirlərlə razılaşmadığını deyib və VHP-nin özünün heç bir bloka qoşulmamaq qərarına gəldiyini bildirib. Onun fikrincə, Azərbaycanda müxalifət partiyalarının blokları öz iradəsi ilə hərəkət etmir, bir müddətdən sonra dağılırlar. "Əvvəlki birlikləri dağıdan şəxslərin sonradan gəlib yeni blok yaratması səmimi görünmür. Ona görə də biz əvvəlki təcrübələri də nəzərə alaraq artıq belə birliklərə qoşulmağa ehtiyat edirik" - deyə VHP sədri bildirib.

O əlavə edib ki, VHP-nin bloklara qoşulmaması özünün müxalifətçi mövqeyini dəyişməsi demək deyil.

Rüstəmxanlı deputat olduğuna görə ittiham edilməsi ilə də razılaşmır. Onun sözlərinə görə, VHP parlamentdə də öz mübarizəsini aparıb, digər partiyalar kimi xalqa yalan vədlər veməyib: "Mənim barəmdə o adamlar danışır ki, xalqdan səs ala bilmirlər. Bu, onlarda bir xəstəlikdir, başqası deputat seçiləndə dərhal onu hakimiyyətdə yaxın olmaqda ittiham edirlər, amma özləri seçiləndə başqa cür danışırlar" - deyə VHP sədri qeyd edib.

1995-ci ildən 2003-cü ilə qədər VHP, AMİP, AXCP, ALP, Müsavat və digər partiyaların iştirakı ilə müxalifətin bir neçə blokları ("Sidsuh", "Demokratik Blok", "Müxalifətin Koordinasiya Mərkəzi", "Dördlər" və s.) mövcud olub.

Xəbər lenti

Xəbər lenti