...

Avropa Şurası Azərbaycanın terrorçuluğa və çirkli pulların yuyulmasına qarşı mübarizədə gördüyü işlərin monitorinqinə başlayıb

Siyasət Materials 6 Fevral 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Azərbaycanın terrorçuluğa və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində gördüyü işlərin monitorinqinə başlayıb. "Azərbaycana səfərdə məqsəd terrorçuluğa və çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı görülən işlərlə tanış olmaqdır", - deyə Avropa Şurasının Monitorinq departamentinin direktoru Xristos Giakumopulos çərşənbə günü Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bildirib.Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Giakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurasnın Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspert Komitəsinin (MONEYVAL) üzvləri də daxildir.

Giakumopulos Azərbaycanın terrorçuluğa və çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirlərini yüksək qiymətləndirib.

"MONEYVAL-ın nümayəndələri Azərbaycanda terrorçuluğa və çirkli pulların yuyulmasına qarşı həyata keçirilən tədbirlərlə bağlı apreldə daha bir monitorinq aparacaqlar. Görülən işlər və monitorinqin nəticələri Komitənin iyulda keçiriləcək iclasında müzakirə olunacaq", - deyə o, bildirib.

Spiker Əsədov bildirib ki, Azərbaycan qeyri-qanuni yolla əldə edilmiş pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə, eləcə də terrorizmə qarşı mübarizə ilə bağlı mühüm addımlar atıb. Milli Məclis "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyanı təsdiqləyib, parlamentin yaz sessiyasında "Qeyri - qanuni pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun qəbulunu nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti