...

Azərbaycan Parlamenti sülhməramlıların Kosovodan çıxarılmasına dair qərar verməyə hazırlaşır

Siyasət Materials 26 Fevral 2008 17:19 (UTC +04:00)
Azərbaycan Parlamenti sülhməramlıların Kosovodan çıxarılmasına dair qərar verməyə hazırlaşır

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev Kosovoda xidmət edən azərbaycanlı sülhməramlılarının geri çağırılması üçün qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət edib. "Prezidentin müraciətində qeyd olunub ki, keçmiş Serbiyada siyasi vəziyyət dəyişib və ona görə də Azərbaycan sülhməramlılarının Kosovoda qalması məsələsinə yenidən baxmalıdır". Bu barədə çər- şənbə axşamı Trend a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Aydın Mirzəzadə məlumat verib.

Mirzəzadə bildirib ki, parlament ölkə başçısının müraciətinə müsbət cavab verəcək.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə, sülhməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirirlər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə, 45 sülhməramlımız xidmət edir, həmin əsgərlər Kabul şəhərində post- patrul xidmətini həyata keçirir.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeçiliyindədir. Fevralın 17- də Kosovo Serbiyadan ayrılaraq, müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Artıq bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqilliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.

Qanunvericiliyə əsasən, Azərbaycan sülhməralılarının xaricə göndərilməsi, sayının müəyyənləşdirilməsi və geri çatırılması haqda qərarı parlament təsdiqləməlidir.

Deputat qeyd edib ki, komissiya iki gündən sonra məsələyə baxacaq. Yekun qərar isə, Milli Məclisin martın dördündə keçiriləcək iclasında qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti