Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir S.Ağayeva/ "Demokratiya və inkişaf uğrunda təşkilat - GUAM" sammitində iki sənədin qəbulu gözlənilir. Təşkilata üzv ölkələr - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova rəhbərləri Batumi bəyannaməsi və kommyunike qəbul etməyi planlaşdırırlar. Bu barədə cümə günü Trend -a Təşkilatın Kiyevdəki Katibliyindən məlumat verilib.
GUAM sammitinin iyulun 1-2-də Batumidə keçirilməsi nəzərdə tutulub. Sənədin mətnləri Milli Koordinatorlar Şurasının iyunun 25-də Batumidə keçiriləcək iclasında və təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı razılaşdırılacaq.
GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.
Sammitdə təşkilata sədrlik Azərbaycandan Gürcüstana keçəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend