...

Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında naməlum həqiqətlər sənədli filmdə açıqlanacaq

Siyasət Materials 26 İyun 2008 14:04 (UTC +04:00)

Avstriya, Vyana, 26 iyun/ Trend , müxbir A.Ələsgərov/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər dövlət studiyasında Azərbaycanın cəsur oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında film çəkilir. Proqramın Slovakiya, İtaliya və Avstriyada aparılacaq çəkilişlər üzrə rəsmi görüşlərin təşkilatçısı, Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Gəray Muradovun Trend -a bildirdiyinə görə, film Azərbaycan partizanı və kəşfiyyatçısının 90 illik yubileyinə münasibətilə çəkilir.

Filmdə Hüseynzadənin uşaqlıq, gənclik və tələbəlik illəri haqda danışılacaq və həmyerlimizin həyatının bir çox naməlum səhifələri açıqlanacaq. Əsas çəkilişlər 27 iyundan etibarən Hüseynzadənin döyüşdüyü Sloveniyanın Novo Qoritsa, Şonpas, Vitovle, Çepovan, İtaliyanın Triest və Avstriyanın Mathauzen şəhərlərində aparılacaq. Filmin sənədli kadrları üçün xüsusi olaraq Rusiyanın dövlət arxivlərindən sənədlər yığılıb.

Leytenant Hüseynzadə 1919-cu il 22 dekabr tarixində Bakı şəhərində anadan olub, 1944-cü ilin 2 noyabr tarixində isə Triest yaxınlığında Vitovle şəhərində həlak olub.

1944-cü ilin 2 aprel tarixində Hüseynzadə yoldaşı Mirdamət Seyidovla birlikdə Triest şəhərinin "Opçina" kinoteatrında quraşdırdığı partladıcı qurğunun işə düşməsi nəticəsində 120 alman hərbçisi həlak olub, 220 nəfər isə yaralanıb. Həmin ilin aprel ayının sonlarında o, Hans Fris və Əli Tağıyevlə birlikdə Postayno adlanan dəmiryolu stansiyasının yaxınlığında yerləşən körpünü partladıb və nəticədə 24 vaqonlu qatar aşaraq dağılıb. Həmin ilin may ayında Hüseynzadə və Seyidov 150 alman zabitinin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnən daha bir partlayışı kazinoda təşkil ediblər.

Hüseynzadə ölümündən sonra SSRİ qəhrəmanı adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti