...

Azərbaycan jurnalistlərinin sosial problemlərinin həlli ilə bağlı komissiyanın yaradılması planlaşdırılır

Siyasət Materials 4 İyul 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir E.Babayev / Azərbaycanın Mətbuat Şurasının nəzdində jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı ayrıca komissiya fəaliyyətə başlaya bilər. "Hesab edirəm ki, belə bir komissiyanın yaradılması mümkündür və bu məsələ Şuranın İdarə Heyətinin gələn həftə keçirilməsi nəzərdə tutulan iclasında müzakirə ediləcək", bunu cümə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: Azərbaycan jurnalistlərinin V qurultayı bu il iyunun 20-də keçirilib. Qurultayın sonunda qəbul edilən qətnamədə jurnalistlərin sosial problemlərinin həlli üçün real addımların atılması məsələsi də yer alıb. Xüsusilə jurnalistlərin mənzil problemlərinin həlli üçün müvafiq dövlət qurumları ilə danışıqların davam etdirilməsi qərara alınıb.

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov isə Azərbaycan jurnalistlərinin sonuncu qurultayında çıxış edərkən bildirib ki, Azərbaycan prezidentinin tapşırığı ilə media ilə məşğul olan dövlət qurumları mətbuatın problemləri istiqamətində böyük və ciddi planlar həyata keçirməyə başlayıb. Həsənov qeyd edib ki, mətbuatın problemlərindən biri onun iqtisadi vəziyyətidir. İqtisadi baxımdan zəif olan media imkanlı şəxslərdən asılı vəziyyətə düşüb. "Mətbuat bu gücü özündə tapmalıdır. Biz də dövlət olaraq jurnalistlərin problemlərinin həlli üçün əlimizdən gələni etməyə hazırıq", - deyə Həsənov vurğulayıb.

Amaşov bildirib ki, jurnalistlərin sosial problemləri Mətbuat Şurasını narahat edən əsas məsələlərdən biridir. "Şura xüsusilə jurnalistlərin mənzil probleminin həllində maraqlıdır. Bu məsələyə qurultayda da toxunuldu. Biz çalışacağıq ki, bu istiqamətdə nəzərəçarpacaq nailiyyətlər qazanaq", - deyə Amaşov əlavə edib.

Azərbaycanın Mətbuat Şurası 2003-cü il martın 15-də jurnalistlərin I qurultayında yaradılıb. Şura yaradılandan quruma Əflatun Amaşov sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti