Azərbaycan, Bakı, 18 sentyabr / Trend , K.Zərbalıyeva/ Azərbaycanda korrupsiya faktları ilə bağlı bu il 58 cinayət işi məhkəmələrə təqdim olunub. Bu barədə cümə axşamı Trend -a Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda idarənin icraatında 27 cinayət işi istintaq olunur. "Bu cinayətlər sırasında əsasən vəzifədən sui-istifadə, rüşvətalma, səlahiyyət həddini aşma və qulluq mövqeyindən istifadə etməklə talama cinayətləridir", - Əliyev əlavə edib.
İdarənin rəisi bildirib ki, korrupsiya faktları daha çox bələdiyyələr və özəl sektorlardadır. Faktlar içərisində Təhsil və Vergilər nazirlikləri, ali təhsil ocaqları ilə bağlı faktlar da var. Əliyev qeyd edib ki, məhkəmə sistemindən korrupsiya cinayətləri ilə bağlı müraciətlər daxil olmayıb.
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Azərbaycan prezidentinin 2004-cü il 3 mart tarixli, 114 nömrəli Sərəncamı ilə yaradılıb.İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Azərbaycanın Baş prokuroruna tabedir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]