Türkiyə, Ankara, 20 yanvar / Trend , müxbir T. Əliyev/ 20 Yanvar faciəsinin 19-cu ildönümü münasibəti ilə İstanbulda 10 mindən artıq tələbənin təhsil aldığı Fatih Universitetində anım mərasimi təşkil edilib.
Universitetdə fəaliyyət göstərən "Tədqiqatçı Fatihlər Klubu" ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil edilən tədbirin iştirakçıları toplantıdan əvvəl Sovet Qoşunlarının Bakıda törətdiyi qətliamı əks etdirən fotoşəkillərlə tanış olublar.
Nüfuzlu təhsil ocağının müəllimlərinin, habelə azərbaycanlı və türkiyəli gənclərlə yanaşı universitetdə oxuyan xarici tələbələrin də qatıldığı toplantıda 20 Yanvar hadisələri ilə bağlı film nümayiş etdirilib.
Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran faciə ərəfəsində regionda yaranmış vəziyət haqqında ətraflı məlumat verib, ümummilli lider Heydər Əliyevin faciənin baş verdiyi günlərdə cinayəti törədənlərə qarşı kəskin etirazını bildirdiyini xatırladıb.
Qanlı yanvar hadisələrinin ildönümü ilə bağlı İzmirdə təşkil edilən tədbirdə də Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Azərbaycanın Ankaradakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi və ölkədə fəaliyyət göstərən diplomatik missiyalar, həmçinin kütləvi informasiya vasitələrinə press-reliz göndərib.
Səfirliyin təşəbbüsü ilə TRT-də 20 Yanvar faciəsi ilə bağlı materiallar nümayiş etdirilib.
Konya, Samsun, Manisa və digər şəhərlərdə də tədbirlər keçirilib.