...

Bakı polisi müxalifət partiyasının icazəsiz piket keçirmək cəhdinin qarşısını alıb

Siyasət Materials 21 Yanvar 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müx. C.Babayeva/ Bakı polisi çərşənbə günü müxalif Müsavat Partiyasının icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısını alıb. Təşkilatın 20-yə yaxın üzvü "Əncəbi radiostansiyalara FM tezliklər qaytarılsın" şüarı ilə Azərbaycan milli tezliklərində əcnəbi radiostansiyaların fəaliyyətinin dayandırılmasına etiraz ediblər.

"Piketin gedişində polis tərəfindən partiyanın yeddi fəalı saxlanılaraq 39 saylı Səbail rayon polis bölməsinə gətirilib. Saxlanılmış fəallar bölmədə ifadə verirlər", - Trend -a Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı məlumat verib.    

Milli Şuranın qərarı ilə yanvarın 1-dən etibarən ölkənin "Tele-radio yayım" qanununa əsasən, Azərbaycan milli tezliklərində "Bi-Bi-Si", "Azadlıq"və "Amerikanın Səsi" radiostansiyalarının yayımı dayandırılıb. Əcnəbi radiostansiyalar ancaq İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

39 saylı Səbail rayon polis bölməsində Trend -a xəbərə verilib ki, Müsavat Partiyası üzvlərinə xəbərdarlıq ediləndən sonra onlar azad buraxılacaqlar.

Yanvarın 9-da da Müsavatın gənclər təşkilatının beş üzvü Milli Televiziya və Radio Şurasının binası qarşısında əcnəbi radiostansiyaların Azərbaycanda yayımının dayandırılması qərarına etiraz olaraq aksiya keçirmək istəyərkən saxlanılmışdılar.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti