...

Azərbaycan XİN başçısı Yəmən, Nigeriya, Benin, CAR, Vyetnam, Zimbabve və Şri-Lankanın yeni təyin olunmuş səfirlərinin etimadnamələrinin surətini qəbul edib

Siyasət Materials 5 Fevral 2009 22:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral / Trend / Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 5-də Yəmən, Nigeriya, Benin, Cənubi Afrika Respublikası, Vyetnam, Zimbabve və Şri-Lankanın eyni zamanda Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrinin surətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend -a bildiriblər ki, Yəmən Respublikasının səfiri Cəmal Abdulla Əl-Səllal ilə görüşdə diplomat ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə söykənən əlaqələrin olduğunu söyləyərək, onların inkişafı üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini bildirib.

Nazir Məmmədyarov isə ölkələrimiz arasında münasibətlərin intensivləşdirilməsi üçün lazımi əsasların olduğunu qeyd edib, Yəmən Respublikasının rəhbərliyinə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnaməyə dair BMT-nin Baş Məclisində (BM) keçirilən səsvermə zamanı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz, sülh danışıqları aparılır.


Nigeriya Federal Respublikasının səfiri Abubakar Çika ilə görüşdə ölkələrimiz arasında neft sənayesi, təhsil və digər sahələrdə əlaqələrin genişlənməsinin vacibliyindən danışılıbr. Tərəflər İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində əməkdaşlıq, dünya neft bazarlarında cərəyan edən proseslər və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib. Nazir E.Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı qətnaməyə dair BMT-nin BM-də keçirilən səsvermə zamanı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Nigeriya tərəfinə təşəkkür edib.

Cənubi Afrika Respublikasının səfiri Teboqo Seokolo ilə görüşdə iki ölkə arasında bir çox sahələrdə ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafı perspektivləri nəzərdən keçirilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb. Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü ətrafında da fikir mübadiləsi aparılıb və nazir E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd edib.

Vyetnam Sosialist Respublikasının səfiri Buy Din Zin ilə görüşdə siyasi, iqtisadi, xüsusilə neft sənayesi, habelə mədəniyyət, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğunluğu qeyd olunub. Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı ətraflı məlumat verib, münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının mümkünlüyünü vurğulayıb. Görüşdə iki ölkənin XİN-ləri arasında müvafiq məsləhətləşmələrin aparılması və yüksək səviyyədə səfərlərin təşkili ilə bağlı razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti