...

Azərbaycanın Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib (video)

Siyasət Materials 14 Fevral 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı 14 fevral / Trend müxbir K.Zərbalieva/

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1, 6 , 10 saylı cəzaçəkmə müəssisələrinin, Qobustan həbsxanasının, Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən ciddi qanun pozuntularına yol verildiyi miüəyyən olunub, Trend -un məlumatına görə, bu barədə Penitensiar Xidmətdə şənbə günü  ötən ilin yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində xidmətin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərov deyib.

Ələkbərov həmin müəssisələrin rəhbərlərinin fəaliyyətini ciddi tənqid edib və bildirib ki, adıçəkilən müəssilərdə narkotiklərin qanunsuz dövriyəsi, müəssisələrə qadağan olunmuş əşyaların daxil olunması halları çoxalıb. Onun sözlərinə görə, Qobustan həbsxanasında məhkumların gəzintiyə çıxan zaman mobil telefonlardan istifadə etmələri, məhkumların bir kameradan digər kameraya keçməsi, dəhlizdə məhkumların gəzintisi, narkotiklərin müəssisələrə daxil olması faktları qeydə alınıb.

"2 saylı İstintaq təcridxanasının əməkdaşlarının istintaq altında olan şəxslərə mobil telefonlardan danışıq imkanı yaratmaq faktları mövcuddur"- Ələkbərov əlavə edib.

Ədliyyə Nazirliyinin cəzaların icrası müfətişliyinin rəisi Malik Ələkbərov çıxışında 15 saylı cəzaçəkmə müəssisəsinndə, 3, 6, 11 və 14 saylı Məntəqə tipli müəssisələrdə kobud qanun pozuntularına yol verildiyini bildirib.

Onun sözlərinə görə, 15 saylı cəzaçəkmə müəssisəsində son iki ayda 13 məhkuma qanunsuz qısa müddətli görüş verilməsi, müsbət xarakterizə olunmayan bir neçə məhkumun məntəqə tipli müəssisəyə köçürülməsi ilə bağlı məhkəmələrə təqdimatlar verilməsi, islah olunmuş, intizamlı məhkumların məntəqə tipli müəssisələrə köşürülməsi ilə bağlı onların müraciətlərinin müəssisə rəhbərliyi tərəfindən qəbul edilməməsi faktları mövcuddur.

Müfəttişliyin rəisi Ələkbərov deyib ki, həmin müəssisədəki xəstə məhkumlar vaxtında xəstəxanaya yerləşdirilməyib. Bir məhkum isə xəstəxanaya vaxtında köçürülmədiyindən ölməsi faktı qeydə alınıb.

Ələkbərov bildirib ki, müfəttişlik tərəfindən aparılan yoxlama zamanı məntəqə tipli müəssisələrdə cəzaların icrası və çəkilməsi qaydalarının kobud şəkildə pozulması müəyyən olunub.

Onun sözlərinə görə, son iki ildə məntəqə tipli müəsissələrə köçürülən məhkumlar tərəfindən törədilən cinayətlər 7 % artaraq 64 fakt təşkil edib.

Həmin müəssisələrdə saxlanılan məhkumlar tərəfindən hesabat dövründə 60 cinayət törədilib.

Məntəqə tipli müəssisələr sırasında 3, 6, 11 və 14 saylı müəssisələrdə daha çox kobud pozuntular qeydə alınıb.

Ələkbərov 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Yusif Allahyarov, onun müavinləri və şöbə rəisləri, eləcə də adıçəkilən məntəqə tipli müəssisələrin rəhbərliyi barəsində ciddi tədbir görülməsini tələb edib.

Müşavirədə qeyd olunub ki, 2008-ci ildə yol verdikləri qanun pozuntularına görə, xidmətin 13 əməkdaşı intizam məsuliiyətinə cəlb edilib, 10 əməkdaşı isə ədliyyə orqanlarından xaric olunub.

Müşavirədə müəssisələrin əməliyyat xidmətlərinin fəaliyyəti də tənqid olunub. Qeyd edilib ki, ötən il əməliyyat məlumatlarının 12 faizi öz təsdiquini tapıb.

Xidmətin rəisi Ələkbərov qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müəssisə rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti