...

Azərbaycan, İraq, Misir və Türkmənistan "Nabukko" üzrə ilk potensial qaz tədarükçüləridir – Avstriyanın federal kansleri

Siyasət Materials 27 İyul 2009 11:05 (UTC +04:00)
Azərbaycan, İraq, Misir və Türkmənistan "Nabukko" üzrə ilk potensial qaz tədarükçüləridir – Avstriyanın federal kansleri

Bakı, Azərbaycan, 25 iyul / Trend , müxbir T.Konyayeva /

Avstriyanın federal kansleri Verner Fayman hesab edir ki, "Nabukko" layihəsinin həyata keçirilməsinin birinci mərhələsi çərçivəsində bu boru kəməri üçün potensial qaz tədarükçüsü dörd ölkə - Azərbaycan, İraq, Misir və Türkmənistan olacaq.

"Nabukko" hər zaman çoxresurslu layihə kimi planlaşdırılıb. Bu o deməkdir ki, qaz kəməri təkcə bir mənbədən asılı olmayacaq", - deyə elektron poçtla Trend -a müsahibəsində Fayman bildirib.

Onun sözlərinə əsasən, İranın gələcəkdə "vacib qaz resursları ilə" karbohidrogenlərin potensial tədarükçülərinin ilk qrupuna qoşulması bir sıra amillərdən asılı olacaq. Faymen söhbətin hansı amillərdən getdiyini dəqiqləşdirməyib.

Avstriyanın federal kanslerinin sözlərinə əsasən, Ankarada iyulun 13-də "Nabukko" üzrə Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya arasında hökumətlərarası müqavilənin imzalanması layihəyə cəlb olunan ölkələr və şirkətlər üçün həm siyasi dəstək, həm də hüquqi təhlükəsizlik planında vacib addımdır.

"Xəzər regionundan və Yaxın Şərqdən qaz tədarükü üçün yeni dəhliz qismində çıxış edən "Nabukko" enerji təhlükəsizliyi və Avropada qaz marşrutlarının diversifikasiyasında mühim rol oynayacaq", - deyə Faymen bildirib.

Federal kanslerin sözlərinə əsasən, hökumətlərarası müqavilənin imzalanmasından sonra "Nabukko"nun reallaşmasının növbəti mərhələsində layihəyə dəstək və təfərrüatlı injinerinqin sona çatması haqqında müqavilə üzərində işlər həyata keçiriləcək. Bununla yanaşı, qaz kəməri layihəsinin ətraf və sosial mühitə təsirinin Aİ standartlarına uyğun olaraq qiymətləndirilməsi vacib olacaq.

"Paralel olaraq Nabucco Gas Pipeline bazarda boru kəmərinin gücünü təklif etməyə başlayacaq. Lakin qazı bilavasitə Avropa treyderləri alacaq və onu daha rəqabət qabiliyyətli şərtlər ilə haradan ala biləcəklərinə onlar özləri qərar verəcəklər", - deyə Fayman bildirib. 

BP-nin məlumatlarına əsasən, Azərbaycanın qaz ehtiyatları (2009-cu ilin yanvarın 1-nə) 1,2 trilyon kubmetr, İraqın - 3,17 trilyon kubmetr, Misirin - 2,17 trilyon kubmetr, Türkmənistanın qaz ehtiyatları isə 7,94 trilyon kubmetr təşkil edir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Xəzər regionundan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti