2008-ci il Azərbaycanın tarixində həm də əlamətdar hadisə olan növbəti prezident seçkiləri ilə yadda qalıb. Oktyabrın 15-də keçirilmiş seçkilərdə prezidentliyə namizədlərin sayı çox olsa da, əslində, qarşıdakı səsvermənin nəticələri Azərbaycan cəmiyyətinə də, xarici ekspertlərə, politoloqlara, müxtəlif təhlil mərkəzlərinə, ümumən dünyaya da irəlicədən məlum idi. Çünki Prezident İlham Əliyevin qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Belə də oldu, çoxsaylı xarici və yerli müşahidəçilərin, müxtəlif beynəlxalq təşkilatların təmsilçilərinin tam əksəriyyətinin təsdiq etdiyi kimi, indiyədək Azərbaycanda keçirilmiş ən şəffaf, demokratik seçkidə İlham Əliyev 88,73 faiz səs topladı. Bu, ötən beş ildə dövlət başçısının həyata keçirdiyi siyasəti Azərbaycan xalqının bütünlüklə dəstəkləməsinin, ölkənin gələcəyini yenidən ona etibar etməsinin birmənalı təsdiqi idi, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
"Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir", - deyən Prezident İlham Əliyev 2008-ci ilin prezident seçkilərinə bu amalı əldə rəhbər tutaraq qatıldı. Məhz Azərbaycan xalqının rəğbəti sayəsində İlham Əliyev 2008-ci ilin oktyabrın 15-də keçirilən prezident seçkilərinin əsas favoriti olaraq siyasi mübarizədən qalib çıxdı. Xalq yekdilliklə onu dəstəklədi və səsini Heydər Əliyevin siyasi kursunun davamçısına verdi.
2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Şəffaflığı ilə diqqəti cəlb edən bu seçkilər müstəqil Azərbaycanın tarixinə ən demokratik seçki kimi daxil oldu. Xalqın yenidən İlham Əliyevə etimad göstərməsi ötən beş ildə onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı oldu.
"Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm". İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin xalqımıza verdiyi bu söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Dövlət başçısı növbəti 5 ildə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı xarakter alacağına əminlik yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandı. "Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".
Prezident verdiyi sözə sadiq qaldı. Ötən bir il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı və Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Təsadüfi deyildir ki, Prezident andiçmə mərasimi zamanı söylədiyi nitqində demişdir: "Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağa heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra müstəqillik verilməyəcəkdir, Azərbaycan bunu heç vaxt tanımayacaqdır".
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyona yaxın insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı və və bununla əlaqədar İlham Əliyev başqa bir vədini də yerinə yetirdi: "Beş il bundan əvvəl mən Azərbaycan xalqına söz vermişdim ki, 5 il ərzində Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq və çox şadam ki, biz buna nəinki 5 il, hətta 4 il müddətində nail ola bilmişik. Məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılmasına dair 2004-cü ildə qəbul edilmiş Dövlət proqramının icrası çox uğurla aparılır və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilibdir. Onların əvəzinə müasir binalar, evlər, məktəblər, tibb məntəqələri tikilibdir. 36 yeni qəsəbə salınıb və işğaldan əziyyət çəkmiş on minlərlə soydaşımız yeni evlərə köçürülübdür. Bu proqramı biz bundan sonra da davam etdirəcəyik. 2007-ci ildə proqrama əlavələr edilmişdir və əminəm ki, bu əlavələr nəticəsində biz soydaşlarımızın yaşayış səviyyəsinin xeyli dərəcədə yaxşılaşmasına nail olacağıq".
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. "Çox böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanın ordu potensialı çox böyük dərəcədə gücləndirilibdir. Ordumuzun hazırlıq, peşəkarlıq səviyyəsi böyük dərəcədə artıbdır".
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da artmışdır. İqtisadi inkişafına görə, dünyada lider dövlət olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artmış, güclü sahibkarlıq sinfi yaranmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası /Duinq biznes" hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi. Ölkədə 800 min yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşdü, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Bu məsələ regionların sosial-iqtisadi inkişafı dövlət proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapdı. Nəhəng infrastruktur layihələrinin - olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünyaya çıxışını təmin etdi. 1800-ə yaxın məktəbin tikilməsi isə təhsil sistemində ən uğurlu islahat kimi tarixə düşdü. Bütün bunların təməlində uğurlu enerji siyasəti dayandı. Azərbaycan neft-qaz sahəsində qazandığı uğurları davam etdirdi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycanda qazlaşdırmanın səviyyəsi 85 faizə çatdı. Ölkəmiz Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi kimi iri regional və ölkədaxili layihələrin icrasına nail oldu.
Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi, milli ləyaqət, milli qürur, dini tolerantlıq uğurlarımızın əsas şərtləri oldu. "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində, mehriban şəraitdə yaşayırlar. Mən çox şadam ki, son beş il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənmiş, Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olmuşdur və bütövlükdə cəmiyyət çox aydın görür Azərbaycan hansı istiqamətdə irəliləyir". Bu sözlər də andiçmə mərasimində deyilmişdir.
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.