...

Azərbaycan müxalifəti birləşməsə, parlament seçkilərində məğlub olacaq – müxalifət partiyasının sədri

Siyasət Materials 7 Yanvar 2010 12:44 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri müxalifətin inteqrasiyasına nail olmaq üçün qapalı məsləhətləşmələr aparıldığını etiraf edib.
Azərbaycan müxalifəti birləşməsə, parlament seçkilərində məğlub olacaq – müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, müxalifət birləşməsə, parlament seçkilərində məğlub olacaq.

"Mən bu məqsədlə bir neçə müxalifət partiyasının rəhbərləri ilə müzakirələrə başlamışam. Məqsədimiz parlament seçkilərində müxalifətin mütəşəkkil şəklidə iştirakına nail olmaqdır. Əgər bu birliyə nail olmasaq, parlament seçkilərində məğlubiyyətimiz qaçılmazdır", - cümə axşamı Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Milli Məslisə bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Cəlaloğlunun sözlərinə görə, müxalifətin qarşısında duran əsas vəzifə vahid namizəd məsələsinə nail olmaqdır.

"İlk görüşlərimdə məqsədim müxalifətin təşkilati formada inteqrasiya olub-olmamasını öyrənmək idi. Mənim əldə etdiyim təəssürata görə, müxalifət təşkilati birlik yaratmaq məsələsində irəli gedə bilməyəcək. Çünki bəzi partiyalar müəyyən şərtlər irəli sürür, bir qismi digər siyasi qüvvələrin hərəkətlərini öz bildikləri kimi dəyərləndirirlər", - partiya sədri əlavə edib.

Onun fikrincə, indi müxalifətin iki yolu qalır.

"Bunlardan biri ümumi demokratik seçki şüarı ətrafında birləşmək və hər bir partiyanın özü istədiyi kimi seçkilərdə iştirakına, seçkilərdə əldə edilən nəticələrə uyğun birliyə nail olmaqdır. Bunu yanlış hesab edirəm. Ona görə ki, belə olarsa, yenə əhali çaşqınlıq içərisində qalacaq, nəticələrə təsir etmək gücümüz olmayacaq, vahid mövqedən çıxış edə bilməyəcəyik", - ADP sədri vurğulayıb.

Cəlaloğlu deyib ki, vahid namizəd məsələsində razılaşmaqla seçkilərdə müxtəlif formada iştirak etmək ən sərfəli variantdır.

"Biz seçkilərdə vahid namizədlə iştirak etməyimizi razılaşdırıb, onların seçkidə iştirakının təşkilini, təbliğat və təşviqat məsələlərini ayrı-ayrı formada reallaşdıra bilərik. Məsələn, Müsavat Partiyası və AXCP birləşib vahid namizədlər arasında olan hər iki partiyanın üzvlərini müdafiə edə bilərlər. ADP də başqa partiya ilə birləşib bu taktikanı seçə bilər", - o xatırladıb.

ADP sədri hesab edir ki, bu təklif razılaşdırılarsa, faktiki olaraq namizədlərin vahid siyahısı müəyyənləşdiriləcək.

"Bu yeganə çıxış yoludur və mən bununla bağlı liderlərlə yenidən görüşüb onların razılığını almaq istəyirəm. Biz bu prosesi yekunlaşdırıb namizədləri müəyyənləşdirməli, konkret fəaliyyətə başlamalıyıq. İstəyimizə nail olmaq üçün beynəlxalq təşkilatlarla da ciddi işləməliyik. Demokratik seçkilərin keçirilməsi üçün hökumətlə əməkdaşlığımız da istisna olunmur", - Cəlaloğlu söyləyib.

Onun fikrincə, bəzi qüvvələr müxtəlif bəhanələr gətirməklə vaxtı uzadır. "Bu, müxalifətin siyasi çevikliyinin olmadığını bir daha sübut edir", - ADP sədri bildirib.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti