...

Azərbaycanın müxalifət bloku yeni birlik modeli axtarır

Siyasət Materials 15 Fevral 2010 12:38 (UTC +04:00)
"Parlament seçkilərində iştirak etmək üçün yaradacağımız birliyin formatı ilə bağlı digər partiyalarla məsləhətləşmələr aparırıq", - bazar ertəsi Trend News-a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Azərbaycanın müxalifət bloku yeni birlik modeli axtarır

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu blok yeni birlik modeli axtarır.

"Parlament seçkilərində iştirak etmək üçün yaradacağımız birliyin formatı ilə bağlı digər partiyalarla məsləhətləşmələr aparırıq", - bazar ertəsi Trend -a "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əliyevin sözlərinə görə, hazırda yeni yaradılacaq seçki blokunun prinsipləri müzakirə edilir.

"Prinsiplər müəyyənləşdirildikdən sonra buna uyğun bütün digər təkliflər müzakirəyə çıxarıla bilər", - partiya sədri əlavə edib.

Onun fikrincə, deputatlığa irəli sürüləcək namizədlərin siyahısı yalnız blok yaratmaq ideyası baş tutandan sonra gündəmə gələcək.

"Azadlıq" blokunun özünün apardığı mübarizə xətti var. Bizim prinsipial, ardıcıl olaraq yürütdüyümüz siyasi xətt mövcuddur və bloka daxil olan üç partiya həmişə buna sadiq qalıb", - Əliyev vurğulayıb.

O deyib ki, parlament seçkiləri əhəmiyyətli bir siyasi proses olduğundan "Azadlıq" blokuna daxil olan partiyaların da iştirakı ilə yaranacaq seçki blokunun digər qüvvələrin hesabına gücləndirilməsi vacibdir. "Buna görə də ümumi proseslərə fayda verə biləcək seçki formulunun müəyyənləşdirilməsi ilə məşğuluq", - partiya sədri xatırladıb.

Əliyev yeni birlik alınmasa belə, "Azadlıq" blokunun parlament seçkilərində iştirak edəcəyini bildirib.

"Bu son variantdır. Amma çalışacağıq ki, yaradacağımız bloka yalnız "Azadlıq"da təmsil olunan partiyalar deyil, digərləri də cəlb olunsun", - VİP sədri vurğulayıb.

"Azadlıq" blokunu 2005-ci il parlament seçkiləri ərəfəsi Azərbaycan Xalq Cəbhəsi, Liberal, Azərbaycan Demokrat və Müsavat partiyaları təsis ediblər. Parlament seçkilərindən sonra Demokrat və Müsavat partiyaları bloku tərk edib. Vətəndaş və İnkişaf Partiyası isə bloka üzv qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti