Tükmənistan, Aşqabad, 1 aprel / Trend , müxbir H.Həsənov/
Dövlət Təhlükəsizlik Şurasının iclasında illik hərbi-taktiki təlimlərə hazırlıq məsələsi müzakirə olunub. Bu barədə cümə axşamı Türkmənistan hökumətinin mətbuat xidməti məlumat verib.
İclas SQ-nin Ali Baş Komandanı olan Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun sədrliyi ilə keçib.
Məlumatda qeyd olunur ki, güc strukturlarının fəaliyyətinə yekun vurulub, həmçinin, onların işinin gələcək təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər müzakirə olunub.
Berdıməhəmmədov "Ölkədə həyata keçirilən hərbi islahatların, türkmən xalqının dinc həyatı və əməyinin təmin olunmasında həmin qurumların rolunun əhəmiyyətini" qeyd edib.
Türkmənistan başçısı deyib ki, "dövlət bundan sonra da Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanmasına, yüksək ixtisaslı kadrların hazırlanması, həmçinin, vətənin müdafiəçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına böyük diqqət yetirəcək".
Türkmənistan daimi neytralitet statusunu saxlayır və heç bir hərbi bloka daxil olmur. Əfqanıstanda vəziyyətin kəskinləşdiyi dövrdə rəsmi Aşqabad yalnız humanitar yüklər üçün öz nəqliyyat dəhlizini təqdim edib.