...

Cəlilabadda əlillər və şəhid ailələri üçün yeni bina istifadəyə verilib

Siyasət Materials 1 May 2010 00:02 (UTC +04:00)
Prezident İlham Əliyev Cəlilabadda əlil və şəhid ailələri üçün dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Cəlilabadda əlillər və şəhid ailələri üçün yeni bina istifadəyə verilib

Prezident İlham Əliyev Cəlilabadda əlil və şəhid ailələri üçün dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına məlumat verdi ki, Cəlilabadda əlillər və şəhid ailələri üçün tikilən binadakı 36 mənzilin hər biri ümumi sahəsi 68,7 kvadratmetr olan 2 otaqdan ibarətdir. Binada əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğular quraşdırılmış, fərdi qazanxana, nasosxana, transformator yarımstansiyası, su anbarı vardır. Binanın həyətyanı sahəsində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, uşaq meydançası yaradılmışdır.

Prezident İlham Əliyev yeni mənzil alanları təbrik edərək dedi:
-Xoş gördük. Mən sizi gözəl evin istismara verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Görürsünüz ki, burada şərait ən yüksək səviyyədədir. Bundan yuxarı şərait ola bilməz. Gözəl tikilib. Həm möhkəm binadır, həm xarici görünüşü gözəldir, həm də daxili tərtibatı ən müasir standartlara cavab verir. İstilik sistemi, televizor, hər şey, yəni ki, burada rahat yaşamaq üçün bütün şərait vardır. Mən çox şadam ki, sizin bundan sonra məişət şəraitiniz yaxşı olacaqdır. Siz buna layiqsiniz. Azərbaycan dövləti hər şey etməlidir ki, sizin üçün şərait yaratsın.
Müharibə əlili Qulam Səfərov: Şəraiti Siz yaratmısınız, cənab Prezident.
Prezident İlham Əliyev: Bu, mənim borcumdur. Mən də çalışıram ki, siz insanlar yaxşı yaşayasınız, xüsusilə veteranlar. İndi qarşıdan Böyük Qələbənin 65-ci ildönümü gəlir. Bilirsiniz ki, bu münasibətlə müvafiq Sərəncam imzalanmışdır və hər veterana Azərbaycan dövlətindən 500 manat mükafat nəzərdə tutulmuşdur.

Qulam Səfərov: Aldıq. Çox sağ olun. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Almısınız artıq? Mən elə tez istəyirdim imzalayım ki, bayramlara qədər hər kəs onu alsın.
Qarabağ müharibəsi əlillərinə də biz həmişə gərək dəstək verək. Təbii ki, onların bütün qayğılarını, ehtiyaclarını təmin edək. Onlar Vətən uğrunda vuruşublar, əlil olublar, sağlamlıqlarını itiriblər. Şəhid ailələrinin qohumları öz yaxınlarını itiriblər. Onlar Vətən uğrunda şəhid olublar. Azərbaycan dövləti əlbəttə ki, bu insanlara öz qayğısını əsirgəməməlidir. Bax, belə gözəl evlərin tikintisi, digər tədbirlərin görülməsi bizim borcumuzdur.
Bu evlərin, demək olar ki, bütün ölkədə tikintisi geniş vüsət almışdır, Bakıda, bütün bölgələrdə, rayonlarda. Hələ ki, görüləsi iş çoxdur. Keçən il 700 mənzil istismara verilmişdir. Bu il də təxminən 700 mənzil istismara veriləcəkdir. Ancaq biz elə etməliyik ki, heç olmasa növbəti 3-4 il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin bütün məişət problemləri həll olunsun. Hələ ki, növbədə dayananlar vardır və biz onların da problemlərini tədricən həll edəcəyik. Ona görə mən istədim ki, bu gün də sizinlə bərabər bu hadisəni qeyd edim və sizə orderləri təqdim edim. Arzu edim ki, siz burada yaxşı, rahat yaşayasınız. Sizin həyatınızda hər şey yaxşı olsun.
Müharibə əlili Qulam Səfərov: Çox sağ olun. Allah Sizə yar olsun, ailənizi, uşağınızı salamat etsin. Allah-taala Sizin üzərinizdən öz əlini əskik etməsin. Allah saxlasın Sizi. Allah özü qorusun Sizi, cənab Prezident. Siz camaatın, xalqın qayğısına qalırsınız. Sizi xalqımız ürəkdən sevir, balalarımız ürəkdən sevir. Mənim 10 övladım, 32 nəvəm, 10 nəticəm vardır. Cənab Prezident, Allah Sizə, ailənizə, övladlarınıza uzun ömür versin. Sizin bizə etdiyiniz bu cür hörmət, bu cür məhəbbət, bu cür kömək dünyanın heç bir ölkəsində yoxdur. Allah Sizi qorusun, sağ olun, salamat olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, siz çox gümrahsınız. Səhhətiniz də yaxşıdır. Ancaq onu da istəyirəm biləsiniz ki, bu gün Cəlilabadda yeni, müasir Müalicə-Diaqnostika Mərkəzi açılır və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır. Orada bütün tibbi xidmətlər - müayinə, müalicə, hətta əməliyyatlar pulsuzdur. Sizdən xahiş edirəm ki, vaxtaşırı gedib orada müayinədən keçəsiniz, həmişə sağlam olasınız. Siz bizə lazımsınız. Gələcək nəsillərin tərbiyəsində də sizin nümunəniz bizim üçün lazımdır.
Müharibə əlili Qulu AĞAYEV: Çox sağ olun, cənab Prezident, Cəlilabad torpağına xoş gəlmisiniz, səfa gətirmisiniz. Allah Sizin ömrünüzü uzun, canınızı sağlam etsin.
Cənab Prezident, Siz bizə böyük qayğı göstərirsiniz. Atanız, bizim ağsaqqalımız bizə böyük qayğı göstərmişdir. Həmin qayğını Siz davam etdirirsiniz. Allah Sizi bizə çox görməsin. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun.

Dövlətimizin başçısı yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.
Müharibə əlilləri və şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıq etdilər.
Prezident İlham Əliyev yeni mənzil və avtomobil alanları bir daha təbrik etdi, onlarla xatirə şəkli çəkdirdi.

Xəbər lenti

Xəbər lenti