...

Seçkilər keçmiş dövrlərlə müqayisədə uğurlu keçirildi - Əfqanıstan Azad və Ədalətli Seçkilər Fondunun rəhbəri

Siyasət Materials 25 Sentyabr 2010 09:00 (UTC +04:00)
Əfqanıstanın Azad və Ədalətli Seçkilər Fondunun (Free and Fair Election Foundation "FEFA" ) rəhbərinin fikrincə, Əfqanıstanda keçirilən Parlament seçkiləri keçən dövrlərdəki seçkilərlə müqayisədə uğurlu olub.
Seçkilər keçmiş dövrlərlə müqayisədə uğurlu keçirildi - Əfqanıstan Azad və Ədalətli Seçkilər Fondunun rəhbəri

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir D.Xatınoğlu/

Əfqanıstanın Azad və Ədalətli Seçkilər Fondunun (Free and Fair Election Foundation "FEFA" ) rəhbərinin fikrincə, Əfqanıstanda keçirilən Parlament seçkiləri keçən dövrlərdəki seçkilərlə müqayisədə uğurlu olub.

Fondun rəhbəri Candad Sepingər (Jandad Sepinghar) Trend-ə telefonla Kabildən bildirib ki, keçirilən Parlament seçkilərində demokratiya və şəffaqlıq baxımından müəyyən irəliləyiş olub; baxmayaraq ki, 3 000-ə yaxın saxtakarlıq faktı ilə bağlı şikayət  qeydə alınıb.

Əfqanıstanda Parlament seçkiləri sentyabr ayının 18-də, 5 800 səsvermə məntəqəsində keçirilib. Parlamentin 249 yerini tutmaq üçün 2 500 namizəd rəqabət aparıb. Rəsmi məlumata əsasən, səsvermə hüququna malik olanların 40 faizi seçkilərdə iştirak edib. Əfqanıstan Müstəqil Seçki Komitəsi (MSK) noyabrın 9-da seçkilərin nəticəsini açıqlayacaq.

Sepingər, taliblərin seçkini boykot etməsi və seçkilərdə iştirak edən xalqı hədələməsinə baxmayaraq, Əfqanıstan xalqının seçkilərdə aktiv iştirak etməsinin seçkilərin müsbət məqamlarından olduğunu deyib. "Polis və təhlükəsizlik qüvvələri keçmişdən fərqli olaraq, daha effektiv şəkildə seçki məntəqələrinin təhlükəsizliyini təmin edə biliblər", - Fondun rəhbəri deyib.

Sepingər, seçkilərdə mənfi məqamların olduğunu, bəzi saxtakarlıqlar, o cümlədən, kişilərin qadınların yerinə səs vermələri, bəzi şəxslərin iki və bəzən bir neçə dəfə səs verməsi, seçki hüququna malik olmayanların səsvermədə iştirakı və səsvermə qutularının qanunsuz doldurulması faktlarını sadalayıb. "Lakin sadaladığım saxtakarlıqlar MSK tərəfindən araşdırılır və lazımi tədbirlər həyata keçiriləcək. Ümumilikdə, deyə bilərəm ki, budəfəki seçkilər öncəki seçkilərdən fərqli və uğurlu həyata keçirilib", - deyə Əfqanıstan Azad və Ədalətli Seçkilər Fondunun rəhbəri deyib.

Əfqanıstanda "Taliban"ın hakimiyyəti 2001-ci ildə devrildikdən sonra, ikinci dəfədir, Parlament seçkiləri keçirilir. Əfqanıstanın bəzi əyalətlərində "Taliban"ın nüfuzu hələ də güclüdür. Ölkənin şimalında yerləşən Bəlx, Qənduz və Bəğlan əyalətlərində bir neçə,  Qəndəhar əyalətində 18 terror aktı qeydə alınıb.

Seçkilərin təhlükəsizliyini 300 min polis və hərbçi təmin etsə də, "Taliban" qruplaşması 150 terror aktı törətdiyini iddia edir. Buna baxmayaraq, keçən ilin avqust ayında keçirilən Prezident seçkiləri ilə müqayisədə, təhlükəsizliyin pozulması faktları bir qədər azalıb.

Sepingər bildirib ki, səslərin sayılması bir çox əyalətdə başa çatıb; MSK-ya daxil olan şikayətlərin sayı 3 000-dir, onlara MSK nəzarət edir və seçkilərin ilkin nəticəsi şikayətlərə baxıldıqdan sonra - oktyabrın 18-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti