RED. əlav.: Azərbaycan XİN mətbuat xidmətinin görüş haqqında məlumatı əlavə olunub
Koreya Respublikası, Seul, 14 dekabr /Yonhap News Agency, müxbir Çan Cae-Sun, xüsusi olaraq Trend üçün/
Azərbaycan və Koreya Respublikasının xarici işlər nazirləri Elmar Məmmədyarov və Kim Sunq-Hvan çərşənbə axşamı Seulda iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Seula ikigünlük rəsmi səfərə gəlib. Səfər çərçivəsində Koreya Respublikasının Baş naziri Kim Hvan-Sik və Milli Yığıncağın spikeri Pak Xi-Te ilə görüşlər də planlaşdırılıb.
Görüşdə nazirlər ticarət, investisiya, energetika və mədəni əlaqələr sahəsində əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə ediblər, eləcə də Koreya yarımadası və digər beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Danışıqlardan bir gün əvvəl koreyalı nazir azərbaycanlı həmkarını salamlayaraq, Özbəkistandakı diplomatik nümayəndəliyin rəhbəri və eyni zamanda Azərbaycanda səfir səlahiyyətlərini yerinə yetirdiyi dövrdə Bakıya dəfələrə etdiyi səfərlərin təəssüratlarını bölüşüb. Nazirin sözlərinə görə, Azərbaycanın sahilində neft hasilatı üzrə infrastruktur olduqca təsirlidir.
Azərbaycan XİN rəhbəri Kim Sunq-Hvanın 2004-cü ildə Azərbaycana etdiyi son səfərdən sonra Azərbaycan-Koreya Respublikası ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, eləcə də həmkarını gələn il ölkəyə səfərə dəvət edib.
Məmmədyarovun Seula səfəri çərçivəsində iki ölkə nazirlərinin Azərbaycanda işləyən Cənubi Koreya sahibkarları ilə görüşü planlaşdırılıb.
Azərbaycanın xarici işlər naziri görüşdə qeyd edib ki, Şərqi Asiya regionunun inkişaf edən ölkələrindən biri kimi Koreya Respublikası ilə əlaqələrin hərtərəfli genişlənməsinə xüsusi önəm verir. Məmmədyarov bunun üçün həm dövlət nümayəndələrinin, həm də elm, mədəniyyət və iş adamlarının qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Koreyalı nazir ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək templə inkişaf etdiyini, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu bildirərək, Azərbaycanın 2011-2013-cü illərdə Koreya üçün prioritet tərəfdaş kimi müəyyən edildiyini söyləyib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesinin son vəziyyəti barədə koreyalı həmkarına ətraflı məlumat verərək, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini nəzərdə tutan mövqeyini səsləndirib.
Öz növbəsində koreyalı nazir Kim Sunq-Hvan son zamanlar regionda cərəyan edən proseslər barədə ətraflı məlumat verərək, Koreya Xalq Demokratik Respublikası ilə münasibətlərin son vəziyyəti barədə danışıb.
Həmçinin, tərəflər görüşdə humanitar sahədə də əlaqələrin genişləndirilməsinin, bu xüsusda Azərbaycan Diplomatik Akademiyası və Koreya Respublikasının Xarici İşlər və Milli Təhlükəsizlik İnstitutu (The Institute of Foreign Affairs and National Security) arasında qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin vacibliyini bildiriblər.