...

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə qəbul etdiyi qərarlarla, demokratiyanın inkişafına öz dəyərli töhfəsini verib

Siyasət Materials 14 İyul 2011 09:00 (UTC +04:00)
Son ilin təcrübəsi göstərir ki, normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə daxil olmuş sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu Konstitusiya Məhkəməsinin fəaliyyətinin 13-cü ildönümü münasibətilə Trend-ə müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə qəbul etdiyi qərarlarla, demokratiyanın inkişafına öz dəyərli töhfəsini verib

Son ilin təcrübəsi göstərir ki, normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə daxil olmuş sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu Konstitusiya Məhkəməsinin fəaliyyətinin 13-cü ildönümü münasibətilə Trend-ə müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Məhkəmə sədri bildirib ki, Konstitusiya Məhkəməsinin təbiətindən irəli gələn əsas səlahiyyəti heç şübhəsiz ki, Konstitusiyanın 130-cu maddəsində sadalanmış normativ-hüquqi aktların Əsas Qanuna uyğunluğunun yoxlanılması təşkil edir.

"Məhz bu səlahiyyət vasitəsilə Konstitusiyanın və qanunların aliliyi təmin edilmiş olur. Yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın hərfinə və ruhuna, onun prinsiplərinə uyğunluq baxımından qiymətləndirilir. Konstitusiya Məhkəməsinin fəaliyyət dövrü ərzində qəbul etdiyi 200 qərardan 28-i ayrı-ayrı qanunların müvafiq müddəalarının Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair olmuşdur. Son ilin təcrübəsi göstərir ki, normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə daxil olmuş sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə sorğuların artması onu göstərir ki, hüquqtətbiqedici orqanların Konstitusiya Məhkəməsinin qərarlarına və bu qərarlardakı formalaşdırdığı hüquqi mövqeylərə olan ehtiyacı artır", Abdullayev vurğulayıb.

Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya ədalət mühakiməsi ölkəmizdə məhkəmə hakimiyyətinin yeni fəaliyyət istiqaməti kimi nəzərdən keçirilir.

O bildirib ki, əsas yurisdiksiyası konstitusiya nəzarətinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin məqsədləri Konstitusiyanın aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.

"Məhz buna görə konstitusiya ədalət mühakiməsi hakimiyyət sisteminin demokratikləşdirilməsinin, insan hüquqlarının müdafiəsinin və hüququn aliliyinin təmin edilməsinin aparıcı mexanizmlərindən biri kimi qəbul edilir. Bu anlayış normativ-hüquqi aktlar sisteminə nəzarət, qanunvericiliyə uyğun olaraq bu sistemin Konstitusiyaya uyğunluğunun yoxlanılması, Konstitusiya və qanun normalarının rəsmi və məcburi xarakter daşıyan şərhi vasitəsilə hüququn inkişafı, hüquq tətbiqi təcrübəsinin təkmilləşdirilməsi və düzgün istiqamətləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı yaranmış mübahisələrin həlli və sair kimi əhəmiyyətli səlahiyyətləri ehtiva edir", məhkəmə sədri qeyd edib.

Abdullayevin sözlərinə görə, 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə Konstitusiyanın mətninə edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş, Azərbayjan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər.

O, həmin subyektlərin bu gün öz hüquqlarından istifadə edərək Konstitusiya Məhkəməsinə müraciət etməsini və belə müraciətlərin sayının ilbəil artmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

"Buna sübut olaraq qeyd etmək olar ki, Konstitusiya Məhkəməsinin fəaliyyət dövrü ərzində qəbul etmiş 200 qərardan 77-i, yəni məhkəmənin bütövlükdə çıxardığı qərarların 38,7%-i fərdi şikayətlər üzrə çıxarılmışdır", Abdullayev vurğulayıb.

Konstitusiyanın və qanunların şərhinin də Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biri olduğunu xatırladan Abdullayev bildirib ki, məhkəmənin bu səlahiyyəti Konstitusiyanın və qanunların konstitusion mahiyyətinin və məzmununun aydınlaşdırılmasına və onların məhz bu mənaya uyğun dəqiq və eyni cür tətbiqi təcrübəsinin yaradılmasına yönəlib.

"Konstitusiya Məhkəməsinin qanuna verdiyi rəsmi şərhlə həmin qanunun əvvəlki qeyri-konstitusion mənada tətbiqi imkanı aradan qaldırır. Beləliklə də, normanın tətbiqi qaydası dəqiqləşdirilməklə onun məhdudlaşdırıcı və ya genişləndirici formada olan qeyri-konstitusion tətbiqi təcrübəsi dəyişdirilmiş olur. Şərhlə bağlı tərəfimizdən daim diqqətdə saxlanılan mühüm məqam ondan ibarətdir ki, məhkəmə özünün bu səlahiyyətini qanunvericinin səlahiyyətlərinə müdaxilə etmədən Konstitusiyanın aliliyinin təmin edilməsi naminə Konstitusiyanın hərfinə və ruhuna uyğun şəkildə həyata keçirməlidir", məhkəmə sədri deyib.

Abdullayev bildirib ki, qəbul edilmiş qərarlar arasında Konstitusiyanın və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdirlər.

Belə ki, qəbul edilmiş 200 qərardan 68-i ayrı-ayrı qanunların, 2-i isə Konstitusiyanın müxtəlif müddəalarının şərh edilməsinə dair olmuşdur.

"Son zamanlar Konstitusiyanın və qanunların şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin əsas yükü ümumyurisdiksiya məhkəmələrin payına düşür. Konstitusiya Məhkəməsinin belə müraciətlər əsasında qəbul etdiyi Qərarlar, hüquqtətbiqedici tərəfindən normativ hüquqi aktın məzmununun duzgun başa düşülməsinə, normalar arasında mövcud olan qeyri-müyyənliklərin, habelə həmin aktın tətbiqi təcrübəsində ziddiyətlərin aradan qalxmasına və məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir", Abdullayev deyib.
.
O bildirib ki, ötən 13 il ərzində Konstitusiya Məhkəməsi ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarlarla Konstitusiyanın aliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, demokratiyanın və hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə öz dəyərli töhfəsini vermişdir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin gələcək inkişafının əsas prioritetlərini müəyyənləşdirməklə, istər siyasi və hüquqi, istərsə də sosial-iqtisadi sahələrdə ciddi islahatların həyata keçirilməsinə rəvac vermişdir.

1998-ci il iyul ayının 14-də Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi nəticəsində və iyul ayının 18-də Prezident Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı fərmanla bu orqan rəsmi fəaliyyətə başlamışdır.

Xəbər lenti

Xəbər lenti