Azərbaycan, Bakı, 10 yanvar /Trend/
Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından Finlandiya üçün maraq kəsb edir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə Finlandiya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin başçısı və Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanerva deyib.
Kanervanın sözlərinə görə, buna bariz nümunə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsidir.
Azərbaycan BMT TŞ-nin 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib.
Azərbaycanın xarici işlər nazirinin müavini finlandiyalı deputatları Mərkəzi Asiya və Qərb arasında körpü olaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan ölkənin siyasi və iqtisadi uğurları haqqında məlumatlandırıb.
Xələfov, həmçinin deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi haqqında ətraflı məlumat verib.
Xələfovun sözlərinə görə, münaqişənin nizamlanmaması bütün regionun təhlükəsizliyi və inkişafı üçün problemlər yaradır. Onun sözlərinə görə, Ermənistan danışıqlarda qeyri-konstruktiv mövqe tutur, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir, ATƏT-in Minsk qrupu isə buna göz yumur ki, bu da yolverilməzdir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.