...

Hərbi Prokurorluqda "Heydər Əliyev hüquqi dövlət quruculuğunun və müstəqil dövlətimizin yaradıcısıdır" mövzusunda konfrans keçirilib

Siyasət Materials 7 May 2012 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Respublika Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev hüquqi dövlət quruculuğunun və müstəqil dövlətimizin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyub, ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla yad ediblər.

Baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə çıxış edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib.

Vəliyev xüsusi vurğulayıb ki, şərəfli və mənalı ömür yolunun 34 ilini xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradib, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilib.

Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olunub, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, dönməz ictimai-siysi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb.

Məruzəçi daha sonra qeyd edib ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümümmilli lider Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.

Daha sonra ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirməsini vurğulayan hərbi prokuror, bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs edib. Xüsusilə vurğulanıb ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

Konfransda Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru Emin Musayev və Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru Cavid Xəlilov çıxış edərək dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm iislahatlardan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, eləcə də ölkəmizdə demokratik məzmunlu hüquqi islahatların Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyini vurğulayıblar.

Mərasimə yekun vuran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcək.

Mərasimin sonunda Hərbi Prokurorluğun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilib.

Xəbər lenti

Xəbər lenti