...

Mübariz Əhmədoğlu: Gürcüstan Azərbaycanın addımlarını adekvat qiymətləndirməyib

Siyasət Materials 8 Noyabr 2012 14:52 (UTC +04:00)
Azərbaycan bütün sahələr üzrə Gürcüstana hər zaman yalnız xoş münasibət nümayiş etdirib. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Gürcüstan Azərbaycanın addımlarını adekvat qiymətləndirməyib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan bütün sahələr üzrə Gürcüstana hər zaman yalnız xoş münasibət nümayiş etdirib. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Azərbaycan 1000 kubmetr qazı Gürcüstana 145 dollara verib. Azərbaycanın daxilində qazın qiyməti 120 dollardır. Qazın nəqlinə çəkilən xərci bu ədədin üzərinə əlavə etsək, Gürcüstanın qazı Azərbaycanın daxili qiymətinə aldığını iddia etmək olar", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Gürcüstan ermənipərəst siyasət aparmamağını Azərbaycana dostluq jesti kimi təqdim edib.

"Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsinin tormozlanmasına çalışan bəzi Qərb qüvvələrinin maraqlarının daşıyıcısına çevrilib. Gürcüstandakı azərbaycanlılara qarşı dini və etnik dözümsüzlük halları daim mövcud olub", - politoloq deyib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların evlərinə olan basqınçı-soyğunçu hücumlar, ehtimal ki, təsadüfi deyil, mütəşəkkildir və konkret olaraq soyğunçuluq məqsədi daşımır: "Bunun arxasında siyasi və geosiyasi məsələlər ola bilər. Hakimiyyət dəyişikliyinin, köhnə hakimiyyətlə yeni hakimiyyətin qarşılıqlı münasibətlərinin də bu prosesə təsirini istisna etmirik, lakin o da ciddi sürətdə nəzərə alınmalıdır ki, bu, Azərbaycan Respublikasına mesajdır", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Gürcüstandakı soydaşlarımıza qarşı neqativ hadisələr və təzyiqlər onları əvvəlki davranış-münasibətlər sistemindən imtinaya təhrik edir.

"Ermənilərdən fərqli olaraq, Gürcüstandakı azərbaycanlılar təşkilatlanmayıblar, amma indi təşkilatlanma əsaslı və zəruri görünür. Gürcüstanın hüquq mühafizə orqanlarının gözü qarşısında azərbaycanlı ailələrə hücum edilib, ailənin şərəfi, qız-gəlinlərin ləyaqəti təhqir olunub var-yoxu aparılacaqsa yerli əhalinin özünümüdafiə istiqamətində təşkilatlanması zərurətə çevrilir", - politoloq deyib.

Əhmədoğlu bildirib ki, Gürcüstan azərbaycanlıların təşkilatlanma və özünümüdafiə istiqamətində atdığı addımlar indiki şəraitdə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənməlidir. Başqa yol yoxdur, səbr və dözüm tükənir.

"Azərbaycanın Gürcüstanla münasibətlərinə yenidən baxması və əvvəlki kursundan geri çəkilməsi daha məqsədəuyğundur. Azərbaycanın Gürcüstana güzəşt siyasəti Gürcüstanın Qarabağ məsələsinə münasibəti ilə uzlaşdırılmalıdır", - politoloq deyib.

O vurğulayıb ki, Gürcüstan-Abxaziya dəmiryolunun açılmasında daha dörd aspekt diqqətdən kənarda qalmamalıdır.

"Əvvəla, bu, separatizmi ruhlandırmaq deməkdir. Separatçılar əməllərinin haqq olduğuna daha da inanacaqlar. Ərazi bütövlüyü prinsipinə ikili standartlarla yanaşan Gürcüstanın separatizmə haqq qazandırmaq marağına uyğun olsa da, bu gün Cənubi Qafqaz regionunda separatizmi ruhlandırmaq regionun strateji maraqlarına təhlükəni artırır", - Əhmədoğlu vurğulayıb.

O qeyd edib ki, Gürcüstan-Abxaziya dəmiryolunun işə başlamasının ikinci aspekti Abxaziya münaqişəsinin mürəkkəbliyi ilə bağlıdır. Əslində, regionun ən mürəkkəb münaqişəsi Dağlıq Qarabağ münaqişəsi deyil, gürcü-abxaz münaqişəsidir.

"Dağlıq Qarabağ münaqişəsində iki tərəf mövcuddur və tərəflərin arxasında çoxcəhətli müxtəlif qüvvələr var. Abxaziya məsələsində Gürcüstan, Abxaziya və Rusiya ilə yanaşı, ermənilərin və Türkiyənin də mühüm maraqları var. Dağlıq Qarabağ münaqişəsində münasibətdə polyar mövqedə dayanan Türkiyə və Rusiyanın Abxaziyanın müstəqilliyinə münasibəti eyni ola bilər. Abxaziya münaqişəsi Türkiyə ilə Azərbaycanın strateji mövqelərinin fərqləndiyi münaqişədir", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Abxaziyada çoxsaylı, hətta bəzi məlumatlara görə sayına görə birinci yerdə olan erməni icması mövcuddur.

"Üçüncüsü, MDB məkanında separatizmin iqtisadi yolla müalicəsi yoxdur. Bu gün Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. Azərbaycanla Ermənistan arasında siyasi, iqtisadi, hərbi fərqlər günbəgün artır. Kənardan ilhamlanan erməni separatizmi bu fərqi inkar edir, əksinə, daha kəskin ritorika ilə mövqelərinin sərtləşdiyini göstərir", - Əhmədoğlu qeyd edib.

Dördüncü aspekt haqqında danışan politoloq qeyd edib ki, indiki hakimiyyət parlament seçkilərində müxalifət qismində iştirak edərkən Cavaxetiya regionunda erməni separatçılarla ciddi əlaqələr qurdu və hətta onların liderinin deputatlığa namizədliyini irəli sürdü. Bu kontekstdə Gürcüstan-Abxaziya dəmiryolunun açılmasında erməni məsələsinin daha önəmli rolunu istisna etmək mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti