...

Azərbaycanın vitse-spikeri AŞPA-nın hesabatına münasibət bildirib

Siyasət Materials 25 Yanvar 2013 18:08 (UTC +04:00)
Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə öz əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.
Azərbaycanın vitse-spikeri AŞPA-nın hesabatına münasibət bildirib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə öz əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycanın öhdəlikləri ilə bağlı qəbul olunmuş hesabat ölkəmizin bu təşkilatla əməkdaşlığının nəticəsi kimi ortaya çıxan sənəddir. Dövlətimiz bu hesabatın hazırlanması üçün bütün imkanları yaradıb, ona münasibət bildirib, bu prosesdə konstruktiv müzakirələrin keçirilməsi üçün öz üzərinə düşən vəzifələri yerinə yetirib.

Muradova bildirib ki, hesabatdakı bəzi məqamlar müzakirə oluna və fərqli fikirlər söylənilə bilər, bununla belə, həmin sənədi normal qarşılayırıq.

"Hesabat həmməruzəçilər tərəfindən aparılan uzunmüddətli monitorinqin, çoxsaylı səfərlərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri ilə keçirilən görüşlərin nəticəsi olaraq hazırlanıb. Ona görə də qəbul olunmuş bu sənədi normal qarşılayırıq. Təbii ki, hesabatda ayrı-ayrı məqamlarla bağlı dövlətimizin öz mövqeyi var və bunu da ifadə edəcək", - vitse-spiker vurğulayıb.

Sənəddə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin, yüzminlərlə insanın bu işğal nəticəsində məcburi köçkün vəziyyətinə düşməsinin əks olunmasının əhəmiyyətini qeyd edən vitse-spikerin sözlərinə görə, bu problem ətrafında vəziyyət elədir ki, onu gizlətmək mümkün deyil. Onun fikrincə, problemə aid həqiqətlər getdikcə daha aydın görünməkdədir və bu da beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə öz əksini tapır.

"Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub, bir milyon insan qaçqın və köçkün vəziyyətindədir, maddi-mənəvi nemətlərimiz Ermənistan silahlı qüvvələrinin tapdağı altındadır. Üstəlik, erməni mətbuatı və ona dəstək verən beynəlxalq dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və erməni lobbisi bütün uyğun məqamlarda Azərbaycanın qazandığı uğurlara kölgə salmaq və qarşımıza sədlər çəkməkdən ötrü bütün imkanlarından istifadə edir. Əlbəttə ki, həqiqətlər aşkar olunduqca, bu, Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Və Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə öz əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir. Eləcə də bu təşkilatların özünün fəaliyyətində, onların tarixində əhəmiyyətli sənədlər kimi hesab olunacaq. Ona görə ki, onlar bu sənədlər vasitəsilə dolayısı da olsa, Dağlıq Qarabağ münaqişəsinə münasibətlərini bildirirlər. Bu, Azərbaycanın məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamlərindən irəli gələn vəzifələri həyata keçirmək tələbində istinad etdiyi mühüm sənədlər ola bilər. AŞ PA-nın qəbul etdiyi hesabatda bizi narahat edən məqamların olmasına baxmayaraq, sənəddə Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin öz əksini tapması müsbət haldır", - parlament sədrinin müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti