...

Müxalifət Əkrəm Əylisli məsələsində Xora qoşulmaq istəmir

Siyasət Materials 4 Fevral 2013 11:16 (UTC +04:00)
Rusiyanın “Drujba narodov” jurnalında çap olunmuş azərbaycanlıların milli heysiyyətini qıcıqlandıran “Daş yuxular” əsərinin müəllifi, yazıçı Əkrəm Əylisli indi də Ermənistana səfərə getmək arzusunu bəyan edib.
Müxalifət Əkrəm Əylisli məsələsində Xora qoşulmaq istəmir

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Rusiyanın "Drujba narodov" jurnalında çap olunmuş azərbaycanlıların milli heysiyyətini qıcıqlandıran "Daş yuxular" əsərinin müəllifi, yazıçı Əkrəm Əylisli indi də Ermənistana səfərə getmək arzusunu bəyan edib. "Yeni Müsavat" qəzeti yazır ki, rusdilli "Regnum" portalına verdiyi müsahibəsində İrəvana getmək istədiyini deyən Ə.Əylisli bildirib ki, çox həvəslə İrəvana gedərdi: "Müxtəlif tədbirlər, Ermənistan və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin görüşlərini təşkil etmək olardı... Bizim müzakirə etməyə, danışmağa çox şeylərimiz var. Mən şəxsən həmişə bunu istəmişəm. Ermənilər arasında mənim çox yaxınlarım və dostlarım vardı, onların bir çoxları indi sağ deyil. Xüsusilə də dostum, 2002-ci ildə dünyasını dəyişmiş Hrant Matevosyansız çox darıxıram. Mən onunla bir də görüşmək istərdim".

Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat attaşesi işləmiş Turqut Ər müxalifətin bu məsələ ilə bağlı səssizliyinin anlaşılmaz olduğunu da bildirib.

Turqut Ərin bu tənqidinə müxalifət partiyalarının münasibətini, tənqidi haqlı sayıb-saymadıqlarını öyrəndik.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, Turqut Ər Azərbaycanı sevən şəxsdir, ona görə də ona demokratik qüvvələrin hörməti var. Əkrəm Əylislinin romanına münasibətə gəlincə, H.Kərimov romanı oxumadığını bildirdi: "Ancaq medianı izləyib apardığım müşahidələr odur ki, hakimiyyətin Əkrəm Əylislinin üzərinə düşməsi, bu əsər ətrafında böyük diskussiya açması, müxtəlif aksiyalar keçirməsi əslində Azərbaycanda gündəmi dəyişməkdən başqa bir şey deyil. Eşitdiklərimə əsasən deyirəm ki, o əsərdə məni də qane eləməyən fikirlər var. Turqut Ərin də mövqeyinə hörmətlə yanaşıram. Yəqin ki, müxalifət bu əsər olayına yaxın günlərdə mövqeyini ortaya qoyacaq".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı öncə bildirdi ki, öz facebook səhifəsində ilk gündən Əkrəm Əylislinin romanına münasibətini bildirib: "Bu barədə bir məqalə yazmışam, ancaq hələ çapa verməmişəm. Çünki hal-hazırda Əkrəm Əylisli üzərinə yönəlmiş və bəzi hallarda süni surətdə yönəldilən ümumi kampaniyada, xorda iştirak etmək istəmirəm. Məncə, Azərbaycanı, onun xalqını sevən hər kəsin bu romana münasibəti xeyli dərəcədə üst-üstə düşür. Lakin bəzi adamlar, xüsusilə hakimiyyət dairələri burada müxtəlif xoşagəlməz çağırışlarla, əslində, Əkrəm Əylislinin xalqımız haqqında yaratmaq istədiyi rəyi təsdiq etmək xətti götürüblər".

Qərbi Azərbaycan Deportasiya Mərkəzi də dünən Əkrəm Əylisli olayı ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Əkrəm Əylisli Azərbaycan ədəbiyyatının nəhənglərindən biri olub sevilə-sevilə oxunan, dilimizin bədii gücünə təpər verən dəyərli kitabların müəllifidir, həm də son illər haqqı-ədaləti, dövlətimizin mənafeyini müdafiə edən, humanist, demokratik dəyərləri təbliğ edən, cəsarətlə hökumətin qüsurlarını vaxtaşırı gündəmə gətirən tanınmış ziyalıdır və xalq içində özünün qazandığı bu statusla yanaşı aldığı "xalq yazıçısı" adı da onun çiyninə əlavə məsuliyyət yükləyir. Bu baxımdan, adı çəkilən əsərdə ortaya qoyduğu və son intervülərində dediyi "Qarabağ ermənilərinə ismarış" mövqeyi ən azı özünün daxili məsuliyyət senzurasından keçməli idi.

Qərbi Azərbaycan Deportasiya Mərkəzi bəyan edib ki, inancımıza, azadlıq hərəkatına, türkçülüyə, milli tariximizə münasibətin bir neçə ipləmənin baxış bucağı ilə qələmə alınması heç bir yazara başucalığı gətirməz: "Hörmətli Əkrəm müəllim özü də baş açmadığı bu yaramaz oyunun içinə düşüb və bir daha gördü ki, xalq özünün milli dəyərlərinə xor baxan ən çox sevdiyi bir ziyalısını da bağışlamaya bilər. Ancaq bu durumdan istifadə edən kəmfürsətlərlə yanaşı Azərbaycanda erməni lobbiçiləri olduğu kimi, başqa qüvvələr də olacaq. Bu gün xalq yazıçısı Əkrəm Əylisli olayının qabardılması bəzi iqtidar nümayəndələrinə adam oğurluğunu, korrupsiyanı, xalqın narazılıq ovqatını gündəmdən çıxarmaq, xalqın qınağını üzvlərindən birinə yönəltməklə iqtidarı vaxtaşırı tənqid edən Ziyalılar Forumunu gözdən salmaq və bütövlükdə gündəmi dəyişmək üçün çox vacibdir. Artıq bu olaya reaksiyaların əks-sədası Ermənistandan, Türkiyədən gəlməkdədir və əsəri müxtəlif dillərə çevirib yayacaqlar, beynəlxalq münasibət Əkrəm Əylislinin yazdıqları fonunda Dağlıq Qarabağ məsələsində ziyanımıza işləyəcək. Sonucda bundan erməni lobbisi və onların arxasında duranlar faydalanacaq. Xalq yazıçısına yönəlik bu ajiotaj yaxınlarda Sumqayıt olayının 25 illiyinə də "gözəl bir töhfə" olacaq. Artıq bir sıra dövlətlərdə tanınmaq prosesində olan "Xocalı soyqırımı" məsələsinə öz əlimizlə əngəl yaranacaq. Xarici diplomatiyada haqlı sözümüz kəsərdən düşəcək".

Deportasiya Mərkəzi hesab edir ki, bu əsər uzmanlar tərəfindən Yazıçılar Birliyində yazarın iştirakı ilə müzakirə olunmalı, ona ölçülü-biçili rəy verilməlidir: "Əsəri oxuyan və oxumayanlar tərəfindən hər gün yazılan tənqid və ya müdafiə xarakterli yazıların çapı isə Yazıçılar İttifaqı rəyinin ictimaiyyətə təqdimatına qədər dayandırılmalıdır. Azərbaycanın dövlət marağını hər şeydən üstün tutub onu qorumaq bizim vətəndaşlıq borcumuzdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti