...

İlham Əliyevə yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbriklər davam edir

Siyasət Materials 10 Oktyabr 2013 20:11 (UTC +04:00)
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
İlham Əliyevə yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbriklər davam edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Növbəti dəfə bu vəzifəyə seçilməyiniz Sizin Azərbaycan xalqı qarşısında qazandığınız yüksək nüfuzu tam təsdiq edir. Əminəm ki, Sizin görkəmli lider keyfiyyətləriniz bundan sonra da Azərbaycan Respublikasının siyasi sabitliyinə və iqtisadi inkişafına xidmət edəcəkdir. Həştərxanlılar Sizi xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirirlər. Sizin səyləriniz sayəsində Həştərxan-Azərbaycan əməkdaşlığına xeyli dərəcədə yeni nəfəs verilmişdir, Azərbaycanın və Həştərxan vilayətinin iştirakı ilə yeni genişmiqyaslı layihələr aşkar cəhətlər kəsb edir. Ümidvaram ki, aramızda yaranmış konstruktiv dialoq gələcəkdə Həştərxan vilayəti ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşməsinə tam kömək edəcəkdir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə yeni uğurlar diləyirəm".

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçdən:

"Ölkənizdə yenicə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim.

Nəticələr Sizin indiyədək Azərbaycan xalqının çiçəklənməsinə verdiyiniz zəngin töhfələri əks etdirir. Seçkinin nəticələri, həmçinin Sizin şəksiz liderliyiniz altında Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük nüfuza malik demokratik cəmiyyət kimi inkişaf etdiyini sübut edir. Fürsətdən istifadə edərək ölkələrimizin bütün sahələrdə sıx əməkdaşlıq yolunda irəliləməsinə verdiyiniz səmərəli töhfələrə görə bir daha minnətdarlığımı ifadə edirəm. Mən ölkələrimiz arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirən intensiv dostluq münasibətlərimizin davam edəcəyinə ümidvaram.

Hörmətli Prezident, Sizə cansağlığı və ali dövləti vəzifənizin icrasında yeni uğurlar arzulayıram. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Səsvermənin gedişində seçicilərin göstərdiyi dəstək Sizin xalqınızın seçdiyi kursun varisliyini təmin etməklə öz ölkənizdə haqlı olaraq qazandığınız yüksək nüfuzu növbəti dəfə təsdiqlədi. Ölkənizin sanballı iqtisadi tərəqqisi və vətəndaşların maddi rifahının yüksəlməsi, dünya arenasında rolunun möhkəmlənməsi Sizin adınızla ayrılmaz surətdə bağlıdır.

Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz Azərbaycanın daha da firavanlaşmasına və qarşılıqlı faydalı Belarus-Azərbaycan strateji tərəfdaşlığının inkişafına şərait yaradacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə, səylərinizdə uğurlar diləyirəm".

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytedən:

"Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim. Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram.

Mən səmimi qəlbdən ümid edirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Litva və digər Avropa İttifaqı ölkələri ilə əməkdaşlığın güclənməsinə sadiq qalacaqdır. Çünki biz təhlükəsizlik, sülh və rifahla bağlı ümumi maraqlarımızı yalnız birgə səylərlə həyata keçirə bilərik.

Sizə cansağlığı arzu edir, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət başçıları ilə siyasi, iqtisadi və sosial əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Sizi noyabrın sonunda Vilnüsə dəvət edirəm.

İcazə verin, qələbəniz münasibətilə Sizi bir daha təbrik edim. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmondan:

"Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Tacikistanda bu xəbəri böyük məmnuniyyətlə qarşıladıq. Yenidən prezident seçilməyiniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənizin çiçəklənməsinə, onun xalqının firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri iki dövlətin və onların xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bunun üçün bütün zəruri səylərini əsirgəməyəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti