...

Mübariz Əhmədoğlu: Rusiyadakı ermənipərəstlərin zəiflədiyini düşünmək sadəlövhlükdür

Siyasət Materials 13 İyun 2014 12:57 (UTC +04:00)
Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamika uzun müddətdir davam edir. Regionda baş verən hadisələr hələ ki bu münasibətlər sisteminə təsir etməyib.
Mübariz Əhmədoğlu: Rusiyadakı ermənipərəstlərin zəiflədiyini düşünmək sadəlövhlükdür

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamika uzun müddətdir davam edir. Regionda baş verən hadisələr hələ ki bu münasibətlər sisteminə təsir etməyib. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Rusiya Azərbaycanın müstəqil siyasətini və müstəqil siyasət aparma resursunu tanıyır. Bunu MDB-nin digər dövlətlərinə nümunə göstərir. Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyinin Azərbaycanpərəst olduğunu sübut etməyə faktlarımız yoxdur. Lakin Rusiyanın Dağlıq Qarabağı Ermənistandan ayırmaq istiqamətində atdığı addımlar təkəmseyrək deyildir və artıq siyasi kursa çevrilib. Kremlin Ermənistanla əlaqəli siyasəti ermənilərin apardıqları siyasətə cavabdır.

Onun sözlərinə görə, Qriboyedovu öldürən, SSRİ vaxtı Moskvada metronu partladan, həmin dövrdə sovet rublunu saxtalaşdıran ermənilərə rus xalqı tərəfindən layiqli cavabı verilmədiyi üçün SSRİ-dəki ermənilər diaspor ermənilərilə işbirliyi qurub SSRİ-nin dağılmasında ən böyük rolu ifa ediblər: "Bu rolu ermənilərə Qərbin xüsusi xidmət orqanları vermişdilər. Sovet ordusuna müttəfiq respublikaları içərisində ilk hücumlar da Ermənistandan başladı. SSRİ-nin tərkibindən çıxmaq məsələsində Ermənistan Baltikyanı respublikalarla çiyin-çiyinə hərəkət edirdi. Ona görə də Ermənistanda SSRİ-nin saxlanmasına dair 1991-ci ilin 17 mart referendumu keçirilmədi. Rus dilinin sıxışdırılması mövzusunda da Ermənistan eynilə Baltikyani dövlətlərlə müqayisə oluna bilən siyasət yürütdü. Ermənistan hər an Rusiyadan qaçmağa hazırdır. Əsas marşrut Qərbə tərəfdir. Lakin İran sahib çıxsa, İrana tərəf də qaça bilərlər. Ermənistan prezidenti Serj Sarkisyanın Fransa prezidenti Fransua Ollandla görüşü zamanı erməni xalqı ilə Rusiyanın əlaqəsinin tarixini kinayəli şəkildə təqdim etməsi də Ermənistanın antirusiyaçılığının yalnız bir nümunəsidir. Rusiyadakı ermənipərəstlər ermənilərin antirusiyaçılığına heç vaxt irad bildirməyiblər. Bütün hallarda ermənilər Rusiyanın böyük bir qrupu tərəfindən dəstək görüb".

Politoloqun fikrincə, bu ermənipərəst ekspertlər İranın Rusiyaya ərazi iddiasının qızışdırılmasında mühüm rol oynayıblar və oynayırlar: "Azərbaycanlı siyasətçinin Dağıstana ərazi iddiası irəli sürməsini S.Tarasov və Ko-nun (M.Kolerov,S.Tarasov, İA REX , İA Reqnum və 20-yə yaxın kopipeyst saytlar ) RF xarici işlər naziri S.Lavrovun Bakıya səfəri ərəfəsində şişirdilmiş formada təqdim etməsinin məqsədi aydındır. Lakin "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə bağlı tarixi faktları saxtalaşdırmaqla Gizlərədək olan ərazinin tarixi İran ərazisi olduğunu sübut etməyə çalışan Tarasov və Ko idi. Azərbaycan Dağıstanın ona məxsusluğunu heç vaxt iddia etməyib. Azərbaycanın ictimai şüurunda Dərbəndin tarixən Azərbaycana məxsusluğu ideyası var. Dərbənd bütün Dağıstan demək deyil. Bütün Dağıstanın Rusiyadan ayrılmasına xidmət edən ideyanın müəllifi olan dövlət bəllidir və Tarasov o dövlətin sifarişlərini Azərbaycan siyasətçisindən daha əvvəllər yerinə yetirib və bəlkə də indi həm də o dövlətə xidmət edir. Dağıstanın Azərbaycana məxsusluğu ideyasının müəllifi olan dövlət də Rusiyadakı ermənipərəstlər kimi Rusiya ilə Azərbaycanın münasibətlərinin istiləşməsindən narahatdır. Ona görə də bu ideya uzun müddət aktual olaraq qalacaq. Ermənilər və Rusiyadakı ermənipərəstlər Rusiyanın Azərbaycanı Cənubi Qafqazda strateji müttəfiq adlandırmasına reaksiya verdiyi kimi həmin bəlli dövlət də bu qaydada reaksiya Verdi".

Mərkəz direktoru qeyd edib ki, Rusiya üçün hal-hazırda problemli dövlət Ukraynadır. Lakin İranla da Rusiyanın münasibətlərində perspektiv problemli görünür: "Nədənsə Rusiyadakı ermənipərəst ekspertlər Rusiyanın İran və Ukraynadakı səfirlərinin milliyyətilə maraqlanmaq istəmirlər. Düşüncə tərzləri hətta Stepanakerti dünyanın mərkəzinə çevirə bilir, amma belə aşkar faktlar görünmür. Rusiya mənşəli ermənipərəstlərin fəaliyyətində aktivliklə yanaşı orijinallıq da müşahidə olunur. "Rex" və "Regnum" infromasiya agentlikləri ətrafındakı ekspertlər Dağlıq Qarabağ ermənilərini ideallaşdırmaqda fanatizmə uyublar: Moskva ilə "Stepanakert"i bərabər tuturlar. "Rusiyanın gələcək inkişafının taleyi Moskva və Stepanakertin əməkdaşlığından asılıdır", "Xristianlığın güclənməsi də Moskva və Stepanakertin sıx inteqrasiyasından keçir", "Aİ Stepanakertə birbaşa aviareys aça bilər" və s. Vaxtilə, Moskvanı "Üçüncü Roma" kimi görmək istəyənlər var idi. İndi Tarasov və Ko. az qala "Stepanakert"i "Üçüncü Roma" kimi təqdim etmək istəyirlər. Bu iki ermənipərəst rus eksperti və onların ətrafındakı ekspertlər Dağlıq Qarabağın naminə hətta Gömrük İttifaqı ideyasının pozulmasının tərəfdarlarıdırlar. Tarasov və Ko-nun bu ideyanı dəstəkləməkdə əsas məqsədi çox güman ki, korporativ maraqlar üzərində qurulub; Maliyyə vəziyyətləri ağırdır və "Stepanakert"i dünyanın paytaxtı elan etməklə ermənilərdən əlavə pul qoparmaq istəyirlər".

M.Əhmədoğlunun sözlərinə görə, "Komsomolskaya Pravda" qəzetinin jurnalisti Rusiyanın baş naziri D.Medvedevlə görüşərkən ondan soruşub ki, "sizə ermənilərin 'Armpad' və 'Armfon' verməsi xəbəri doğrudurmu?!". Vaxt məhdudiyyəti olan müsahibədə rus jurnalistinin erməni təbliğatını ön plana çıxarması təsadüfi hesab edilməməlidir. D.Medvedevin verdiyi cavab ermənilər üçün əks-effektli oldu. D.Medvedev bu faktı təsdiq etsə də, həmin qurğuların iş otağında olmadığını bildirib. Cavabın bu hissəsi çoxmənalı başa düşülə bilər.

Politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri ərəfəsində belə bir vəziyyət proqnozlaşdırılırdı: "Ermənipərəst rusların diplomatik saxtalaşdırmaqlarına da bələdik. Amma Rusiya xarici işlər naziri Serqey Lavrovun ötən ilin mayın 21-də Moskvada azərbaycanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikri tamamilə inkar etməsini ağlımıza gətirmirdik. Saxtakarlıq, yalançılıq və inkarçılıq tamam fərqli məsələlərdir. Ona görə bütün Rusiyapərəst ekspertlərə həmin linkləri təqdim edirik. Lavrov demişdi ki, Qarabağ münaqişəsi məsələsində status-kvo məqbul deyil, o cümlədən hamı üçün. İlk növbədə Azərbaycan və Ermənistan üçün, eləcə də Dağlıq Qarabağda yaşayanlar üçün. Mənim buna dərin inamım var. Status-kvo təkcə Azərbaycan ərazilərinin qaytarılmasının həll edilməməsi demək deyil. Həm də Ermənistanın iqtisadi blokadasının həll edilməməsi deməkdir. Ona görə də heç kəsi belə statusun qəbul edilməzliyinə inandırmağa ehtiyac yoxdur".

Yeri gəlmişkən, bu iki linkdən biri Tarasov və Ko-nun yaratdıqları "Regnum İA"ya məxsusdur. http://mid.ru/BDOMP/Brp_4.nsf/arh/6CC54EA79CD2F40344257B72003CF08A?OpenDocument

http://www.regnum.ru/news/1661256.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti