...

Azərbaycan və Tacikistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 26 Avqust 2014 17:43 (UTC +04:00)
Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ilə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Azərbaycan və Tacikistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Səbinə Əhmədova/

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ilə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, S.Aslov cari ilin aprel ayının 2-3 tarixlərində Azərbaycana rəsmi səfərini, Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, ikitərəfli münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra sahələr - əlvan metallurgiya, aqrar sənaye, energetika, nəqliyyat-kommunikasiya, neft və neft emalı sahəsində əməkdaşlıq, hidroenergetika və s. ətrafında fikir mübadiləsi aparılıb.

İki dövlət arasında münasibətlərin inkişafına maneə yaradan Düşənbə-Bakı birbaşa hava reysinin bərpasının vacibliyi bir daha qeyd edilib, Azərbaycan investisiyasının Tacikistan iqtisadiyyatına cəlb edilməsi, Tacikistanın gələcəkdə Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu vasitəsilə Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulması məsələlərinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin bu ilin ikinci yarısında Düşənbədə Azərbaycan sənaye və ərzaq məhsulları sərgisinin keçirilməsi, Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun, eləcə də Azərbaycan-Tacikistan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyasının III iclasının təşkili məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti