...

Konqresmen: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rolu var (FOTO)

Siyasət Materials 14 Oktyabr 2015 13:11 (UTC +04:00)
ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə “ABŞ-ın dünyada rolu” adlı tədbirdə Azərbaycanın regional və geosiyasi əhəmiyyəti müzakirə edilib.
Konqresmen: Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rolu var (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində yerləşən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə "ABŞ-ın dünyada rolu" adlı tədbirdə Azərbaycanın regional və geosiyasi əhəmiyyəti müzakirə edilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Tədbiri açılış sözü ilə başlayan konqresmen Stüart Azərbaycanın Şərq və Qərbin kəsişməsində yerləşdiyini bildirib. Ölkəsinin Azərbaycanın strateji əhəmiyyətini daha dərindən anlamalı olduğunu qeyd edən konqresmen, Azərbaycanın tarixən dünyanın enerji təchizatında əhəmiyyətli rolunun olduğunu bildirib, hazırda da həmin rolun Avropanın enerji təhlükəsizliyində qabarıq əks olunduğunu vurğulayıb.

Tədbirə əsas natiq qismində qatılmış Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, bir çox mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın tarixən tolerant və sülhsevər cəmiyyət olduğunu vurğulayıb, ölkədə demokratik dəyərlərin hələ bir çox qabaqcıl Avropa ölkələrindən daha öncədən mövcud olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Diplomat dünyanın bir çox nöqtələrində dözümsüzlüyün cərəyan etdiyi halda, Azərbaycanda bütün xalqların nümayəndələrinin azad və anlaşma şəraitində yaşadığını nümunə olaraq göstərib. Dünyada baş verən hadisələrin fonunda Azərbaycanda müxtəlif dini qrupların birgə yaşayışının, insanların dini mənsubiyyətinə görə diskriminasiya olunmamasının, habelə bütün qadınların və azlıqların hüquqlarının tam təmin olunmasının bir çox cəmiyyətlər üçün örnək ola biləcəyini söyləyən səfir məhz bu yanaşmanın Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konqresmen Stüartın ölkəmizin strateji əhəmiyyəti barədə fikirlərinə istinadən səfir E.Süleymanov Azərbaycanın aparıcı rolu ilə əhəmiyyətli regional layihələrin həyata keçirildiyini qeyd edib. O, Bakı-Tbilsi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi kimi regional layihələrin Azərbaycanı bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin təminatçısına, digər tərəfdən, iqtisadi və loqistik mərkəzə çevirməkdə olduğunu söyləyib.

E.Süleymanov çıxışı zamanı regionun üzləşdiyi əsas problemlərə də toxunub, bu sırada Azərbaycan ərazilərinin hələ də Ermənistan tərəfindən işğalının davam etməsini əsas faktor kimi göstərmişdir.

Ölkəmizlə ABŞ arasında uzun müddətdir ki, yaxın tərəfdaşlığın olduğunu vurğulayan səfir, beynəlxalq terrorizmə qarşı mübarizədə və beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu xatırladıb.

Dünyada dəyişən dinamikalardan misallar gətirən səfir E.Süleymanov regionda qeyri-sabitlik və ekstremizmin artdığını qeyd edib, bu halda ABŞ-ın davamlı və uzunmüddətli strateji yanaşmasını qısa müddətli taktiki addımlardan üstün tutmasının vacibliyini vurğulayıb.

Nüfuzlu ekspertləri bir araya gətirən konfransda, eləcə də Yuta Ştatının qubernatoru, ABŞ Qubernatorlarının Milli Assosiasiyasının rəhbəri Qari Herbert, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general mayoru Kevin Sullivan, Kolumbiyanın ABŞ-dakı səfiri Xuan Karlos Pinzon və digər tanınmış simalar iştirak ediblər.

Konfrans sonrasında səfir E.Süleymanovun Ştatın Qubernatoru Qari Herbert ilə görüşü keçirilib. Görüş zamanı regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb, ştatla Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin qurulması imkanları müzakirə edilib. Qubernator səfir Süleymanovla əvvəlki görüşlərini xatırlayaq səfirin yenidən Yuta ştatına səfər etməsindən məmnunluğunu ifadə edib, bunun münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Bundan başqa, həmin gün E.Süleymanov Yuta ştatının yerli senatoru və Senatda azlıq rəhbəri Cin Devis ilə də görüşü baş tutub. Görüşdə ştatla ölkəmiz arasında münasibətlərin perspektivlərinin müzakirə olunması ilə yanaşı, regional dinamika barədə söhbət aparılıb.

Xatırladaq ki, keçən il məhz senator Cin Devisin təşəbbüsü və Səfirliyin nümayəndə heyətinin iştirakı ilə Yuta Ştatının Nümayəndələr Palatası və Senatında Azərbaycana həsr edilmiş tədbir keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti