...

Prezident İlham Əliyev: Azərbaycan-Gürcüstan əməkdaşlığı irimiqyaslı layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətlidir

Siyasət Materials 19 Oktyabr 2015 13:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.
Prezident İlham Əliyev: Azərbaycan-Gürcüstan əməkdaşlığı irimiqyaslı layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətlidir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Trend-in məlumatına görə, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirib. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri vəzifəsində Giorgi Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın bizi birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən "Cənub" qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti