...

Politoloq: Həmsədrlər tənzimləmədə siyasi iradənin üç subyektindən biridir

Siyasət Materials 19 Noyabr 2015 14:01 (UTC +04:00)
Həmsədrlər tənzimləmədə siyasi iradənin üç subyektindən biridir. Amerikalı həmsədr C.Uorlik kimi prezidentlərin siyasi iradəsinin olmamasını Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin əsas səbəbi kimi göstərdi. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə siyasi iradəsi var və bunu dəfələrlə nümayiş etdirib.
Politoloq: Həmsədrlər tənzimləmədə siyasi iradənin üç subyektindən biridir

Bakı. Trend:

Həmsədrlər tənzimləmədə siyasi iradənin üç subyektindən biridir. Amerikalı həmsədr C.Uorlik kimi prezidentlərin siyasi iradəsinin olmamasını Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin əsas səbəbi kimi göstərdi. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə siyasi iradəsi var və bunu dəfələrlə nümayiş etdirib.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, hərbi qüdrətini inkişaf etdirməkdə və digər alternativ tənzimləmə müstəviləri axtarmaqda da Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında qısa müddət ərzində nail olmaq istəyidi: "Bu özü də siyasi iradədir. Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə bağlı siyasi iradə nümayiş etdirib. Ümummilli lider H.Əliyevin vaxtından Dağlıq Qarabağın statusunun necə olacağı sualının cavabı verilib: Dağlıq Qarabağa Azərbaycanın tərkibində dünyada olan ən yüksək status verilə bilər. Dağlıq Qarabağın statusunun müəyyənləşməsi prosesi və detalları isə Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin iştirakı ilə yaradılan işçi qrup müəyyənləşdirə bilər. Bu işçi qrupa Azərbaycan, Ermənistan və ATƏT MQ həmsədrlərinin nümayəndələri də daxil olmalıdır. Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı siyasi iradə ortalığa qoyduğu halda qalan texniki məsələlər üçün vasitəçilər heç bir addım atmayıblar".

Politoloq qeyd edib ki, yenilənmiş Madrid prinsipləri də daxil olmaqla heç bir sənəd Dağlıq Qarabağ ermənilərini müstəqil tərəf kimi qəbul etmir: "Dağlıq Qarabağın müstəqil olmasına və ya Ermənistanın tərkibinə girməsinə şərait yaradan heç bir sənəd yoxdur. Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyünü nəzərə almaqla müəyyən olunmalıdır. Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi də beynəlxalq hüququn digər prinsipini, bu halda ərazi bütövlüyü prinsipini pozmağa icazə vermir. Siyasi iradənin ikinci subyekti Ermənistandır. Yenilənmiş Madrid prinsiplərində Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarılması göstərilir. Həmsədrlər özləri 2014-cü ilin mayın 12-də yaydıqları bəyanatda Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal olunmuş ərazilər adlandırdılar".

M.Əhmədoğlu bildirib ki, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağı və Azərbaycanın digər ərazilərini Ermənistanın dəstəyi ilə erməni separatçılarının nəzarəti altında olan ərazi hesab edir: "Ermənistan prezidenti S.Sərkisyan bu fikirləri səsləndirməyə siyasi iradə nümayiş etdiribmi?! RF Dağlıq Qarabağ münaqişəsini tənzimləmək qüdrətində olan dövlətdir. V.Putin ötən ilin sentyabrda RF-in Dağlıq Qarabağ probleminin tənzimlənməsində xüsusi statusa malik olması barədə təklif irəli sürdü. S.Sərkisyan bu təklifi qəbul etdimi?! Dağlıq Qarabağ ermənilərinin azərbaycanlılarla görüşməsinə qoyduğu maneəni aradan qaldırmağa S.Sərkisyanın siyasi iradəsi varmı?!"

Mərkəz rəhbəri sonra deyib ki, siyasi iradənin üçüncü subyekti ATƏT MQ sədrləridir: "Münaqişənin dinc tənzimlənməsi mövzusunda apardıqları danışıqlar barədə hər iki xalqı məlumatlandırmaqla hər iki xalqı sülhə hazırlaya bilərdilər. Bu həm də problemin tənzimlənməsinə ciddi stimul ola bilərdi. Vasitəçilər Dağlıq Qarabağın azərbaycanlı və ermənilərin arasında dialoqun qurulması üçün də heç bir siyasi iradə nümayiş etdirməyiblər. Belə nümunələrdən bir neçəsini də göstərmək mümkündür. Həmsədrlər siyasi iradə nümayiş etdirməli olduqları halda siyasi iradə nümayiş etdirmirlərsə və prezidentlərdən bunu tələb edirlərsə deməli, vasitəçilər özü siyasi iradənin subyekti deyil, parametridir. Vasitəçiliyə yaramaz parametr".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti