...

Ekspert rəyi: İraq və Suriyada uzun müddət "kamikadze yeniyetmə" təhlükəsi olacaq

Siyasət Materials 5 Sentyabr 2016 14:57 (UTC +04:00)
Milyonlarla qaçqın ordusu, aclıq və səfalət İŞİD terror təşkilatının cinayətlərinin sadəcə görünən tərəfidir.
Ekspert rəyi: İraq və Suriyada uzun müddət "kamikadze yeniyetmə" təhlükəsi olacaq

Bakı. Trend:

Milyonlarla qaçqın ordusu, aclıq və səfalət İŞİD terror təşkilatının cinayətlərinin sadəcə görünən tərəfidir.

Bunu Trend İnformasiya Agentliyinin Yaxın Şərq redaksiyasının rəhbəri, Yaxın Şərq məsələləri üzrə ekspert Rufiz Hafizoğlu bildirib.

R.Hafizoğlu qeyd edib ki, beynəlxalq koalisiya Suriyada İŞİD-ə qarşı apardığı mübarizəni az qala qələbə kimi təqdim etdiyi zaman terror qruplaşması öz ideoloji fəaliyyətini daha da gücləndirirdi: "Belə ki, dünyanın, xüsusən də İslam dünyasının bəlasına çevrilən İŞİD-in “Uşaq ordusu” yaratmaq planı hələ 2015-ci ilin fevral ayında gündəmə gəlmişdi. Lakin təəssüf olsun ki, o vaxt dünya bu problemə dırnaqarası baxdı".

O vurğulayıb ki, hazırda Suriya və İraqda terror təşkilatının nəzarəti altında olan ərazilərdə 8 milyona yaxın dinc əhali yaşayır:

"Əhalinin ən azı 30 faizi isə yeniyetmələrdən ibarətdir. İŞİD-in Suriyanın Rakka şəhərini “xilafətin paytaxtı” elan etməsindən sonra bu şəhər daxil olmaqla, terrorçuların işğalı altında olan bütün şəhərlərdə təhsil müəssisələri ləğv edildi. Artıq sirr deyil ki, bu gün İŞİD-in nəzarəti altında olan ərazilərdə yeniyetmələrin “təlimi” üçün xüsusi “şəriət məktəbləri" fəaliyyət göstərir və bu “təlim müəssisələri”ndə 5 mindən çox yetim uşaq var".

Ekspert bildirib ki, İŞİD-in “təlim müəssisələri”nin əsas hədəfi yeniyetmələrə “Allah üçün ölmək və öldürməyi” öyrətməkdir:

"Bunun nəticəsi kimi, artıq Suriya və İraqda yeniyetmələrin iştirakı ilə intihar-terror aktlarının və digər cinayətlərin videoçarxlarını görmək olar. Digər tərəfdən, artıq “şəriət kursları” məzunlarının "fəaliyyət"lərini sadəcə İraq və Suriyada deyil, eyni zamanda Türkiyədə görmək mümükün olur. Belə ki, bu ilin avqust ayında Türkiyənin Qaziantep vilayətində 50-dən çox insanın ölümünə səbəb olan terror aktını məhz yeniyetmə həyata keçirmişdi. İraqın Kərkük səhərində isə dəfələrlə yeniyetmə kamikadzelər zərərləşdirilib".

R.Hafizoğlu deyib ki, bu gün Suriya və İraq ərazisində kamikadzelər tərəfindən həyata keçirilən terror aktlarının 11 faizi yeniyetmələrin payına düşür:

"Digər acınacaqlı bir məqam isə yeniyetmə kamikadzelərin 75 faizinin valideynlərini itirmiş qız uşaqları olmasıdır. Təbii ki, Suriya və İraqın İŞİD-dən tam olaraq nə zaman təmizlənəcəyini proqnozlaşdırmaq asan deyil. Lakin bir faktı qeyd etmək lazımdır ki, bu ölkələr İŞİD terror təşkilatından təmizlənsə belə, İraq və Suriyada hələ uzun müddət "kamikadze yeniyetmə" təhlükəsi olacaq".

Rufiz Hafizoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti