...

“Realliq.info” xəbər saytının təsisçisi İkram Rəhimovun məhkəmə prosesini diqqətdə saxlayan beynəlxalq təşkilatlara MÜRACİƏT

Siyasət Materials 3 Sentyabr 2019 16:55 (UTC +04:00)
“Realliq.info” xəbər saytının təsisçisi İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəszilik Xidməti (DTX) tərəfindən saxlanılıb.
“Realliq.info” xəbər  saytının təsisçisi İkram Rəhimovun
məhkəmə prosesini diqqətdə saxlayan beynəlxalq təşkilatlara
MÜRACİƏT

Bakı. Trend:

“Realliq.info” xəbər saytının təsisçisi İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəszilik Xidməti (DTX) tərəfindən saxlanılıb. O, başqalarına hədə gəlmək yolu ilə pul tələb etməkdə, bu cür qanunsuz tələblərini yerinə yetirməyənlər haqqında böhtan xarakterli yazılar yazıb ictimailəşdirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi (BACM) İkram Rəhimova qarşı irəli sürülən ittihamları haqlı sayıb, 2019-cu il iyun ayının 12-də onun barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarıb. Hazırda Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun şikayəti əsasında məsələ yenidən araşdırılır.

Narahatlıq doğuran haldır ki, bu gün ölkə içindəki bəzi siyasi qruplar, siyasiləşmiş jurnalist təşkilatı və KİV-lər tərəfindən İkram Rəhimov və “Realliq.info” xəbər saytı ətrafında informasiya manipulyasiyası aparılır, onunla bağlı proseslər kontekstdən çıxarılır, “İkram Rəhimovun haqsız olaraq təqib olunması və hüquqlarının pozulması” barədə rəy formalaşdırılır. Çox təəssüf ki, həmin qruplar qərəzli formada hazırladıqları yalançı informasiyalarla təkcə ölkə içərisində deyil, həm də beynəlxalq təşkilatlarda çaşqınlıq yaratmağa çalışır, nüfuzlu beynəlxalq jurnalist təşkilatlarını öz oyunlarına alət edir, bu qurumların reallığı əks etdirməyən bəyanatlar səsləndirməsinə nail olurlar. Artıq Nyu -Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyanatla çıxış edərək “siyasi səbəblər üzündən həbs edilmiş” İkram Rəhimova azadlıq istəyib. Hansı ki, İkram Rəhimovun həbs edilməsini şərtləndirən səbəblər arasında heç bir siyasi amil yoxdur.

Məlumat üçün bildiririk ki, İkram Rəhimov və “Realliq.info” xəbər saytının fəaliyyətindən narazı olan vətəndaşlar DTX və Bakı Ağır Cinayətlər Məhkəməsindən öncə Azərbaycan Mətbuat Şurasına (MŞ-yə) müraciət etmişdilər. 2017-ci ilin avqust ayından 2017-cilin dekabr ayına qədər olan müddətdə ayrı-ayrı vətəndaşların, idarə və təşkilatlarda çalışan şəxslərin, sahibkarların şikayətləri əsasında MŞ-də “Realliq.info” xəbər saytı barədə 3 dəfə müzakirələr keçirilib. Müzakirələr nəticəsində müəyyən edilib ki, “Realliq.info” xəbər saytında dərc edilmiş və şikayət doğulmuş yazılarda Azərbaycan Jurnalistlərinin Peşə davranışı Qaydalarının bütün prinsipləri pozulub. Bu yazıların heç birində obyektivlik gözlənilməyib, qarşı tərəfin rəyi öyrənilməyib, isbatlanmamış rəqəmlərə və “faktlara” gen-bol yer verilib. Həmin şikayətlər və şikayət doğuran yazılar bu gün Mətbuat Şurasının arxivində saxlanılır. Marağı olanlar, həqiqəti bilmək istəyənlər müraciət edib həmin materialları, həmçinin həbsdə olan, məhkumluq həyatı yaşayan ayrı-ayrı vətəndaşlara “Realliq.info” adından saxta jurnalist vəsiqəsi verilməsini əks etdirən nümunələri əldə edə, tanış ola bilərlər.

Həmin dövrdə MŞ tərəfindən “Reallıq.info” xəbər saytına və İkram Rəhimova müraciət edilərək, fəaliyyətində dönüş yaratması tövsiyyə olunub. Təəssüf ki, “Reallıq.info” xəbər saytı və İkram Rəhimov MŞ-nin bu cür tövsiyyələrindən nəticə çıxarmayıb, özünün yanlış addımlarını davam etdirib. Mətbuat Şurası vasitəsilə hüquqlarını bərpa edə bilməyən vətəndaşlar hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciət edərək İkram Rəhimovun həbs edilməsinə nail olublar.

Əlbəttə, biz - müdia nümayəndələri jurnalist adı daşıyan şəxsin həbsə salınmasına qarşıyıq. Bunun üçün də Azərbaycanda “Diffamasiya qanunu”nun qəbul edilməsi təşəbbüsünü dəstəkləyirik. Amma bu qanunun hələlik qəbul edilməməsi kimlərəsə mövcud qanunları ayaqlamaq, Etik Kodeksə sayqısız yanaşmaq üçün haqq vermir. “Reallıq.info” xəbər saytının və İkram Rəhimovun fəaliyyəti bu cür hallarla zəngindir. İstəyənlər, marağı olanlar MŞ-yə müraciət edib bu materialları əldə edə, tanış ola bilərlər.

Düşünürük ki, obyektiv, qərəzsiz olanlar, Jurnalistlərin Etik Kodeksinə önəm verən təşkilatlar da məhz bu cür davranmalı, öncə baş verənləri dərindən araşdırmalı, nəticə çıxarmalı, sonra bəyanatlar səsləndirməidirlər. Əks təqdirdə öz fəaliyyətlərini də şübhəyə almış olurlar. “Reallıq.info” xəbər saytında dərc edilmiş bircə yazını oxumayan, İkram Rəhimovun “jurnalist fəliyyəti” ilə tanış olmayan, ondan şikayət edən vətəndaşları dinləməyən beynəlxalq təşkilatların tələm tələsik, əsaslandırılmamış açıqlamalar verməsi təəssüf doğurur və Azərbaycan jurnalistləri tərəfindən xoş qarşılanmır.

Müraciəti Beynəlxalq Avrasiya Mətbuat Fondu, Demokratik Jurnalistlər Liqası, “Ruh” AJMK, Jurnalistlərin Həmkarlar ittifaqı, CASCFEN, Parlament Jurnalistlər Birliyi (Tərəfsiz Jurnalistlər Bilriyi), Jurnalist Araşdırmaları Mərkəzi, İƏT-ə Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyası, Hərbçi Jurnalistlərin Birliyi imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti