...

Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib

Siyasət Materials 22 Oktyabr 2019 18:29 (UTC +04:00)
Vladimir Aleksandroviç Vasilyevdən Prezident İlham Əliyevə məktub göndərib.
Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü Prezident İlham Əliyevə məktub göndərib

Bakı. Trend:

Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvü, Çuvaşiya Xalqları Assambleyası Şurası sədrinin müavini, kulturologiya doktoru, İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetinin professoru, rejissor, ssenarist, Çuvaşiya Respublikasının Əməkdar mədəniyyət işçisi, Rusiya müsəlmanları birliyinin “Mənəvi birlik uğrunda” medalı kavaleri Vladimir Aleksandroviç Vasilyev Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Təşkilatları Assosiasiyasının XXXII qurultayının işi dövründə Azərbaycan Respublikasına səfər etmək imkanına görə səmimi təşəkkürümü bildirmək istərdim. Qurultay 2019-cu il sentyabrın 18-dən 20-dək Azərbaycanın əsas ali məktəbində - Bakı Dövlət Universitetində keçdi.

Universitetin rektorluğu əsl Azərbaycan qonaqpərvərliyi ilə tarixi bir hadisə təşkil etdilər. Bu, qədim Azərbaycan xalqının tarixini və mədəniyyətini daha dərindən, daha geniş və daha parlaq görməyə və anlamağa imkan verdi.

Səfər müddətində biz daha yaxşı və daha tam anladıq ki, Azərbaycan Odlar Yurdu olmaqla bərabər, həm də qəlbi alovlu insanların ölkəsi, zəhmətkeşlər ölkəsi, ziyalılar ölkəsi, yaradıcılıq ölkəsi, gənclik ölkəsidir! Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev buna parlaq nümunədir. O, Çuvaşiyada olub və bizim xalqımız barədə səmimi ürək sözlərini söyləyib. Onun qərarı ilə Çeboksarıda Nizamiyə abidə ucaldılıb. Nizami bağı bizim şəhərimizin bəzəyinə çevrilib. Heydər Əliyevə Ümumçuvaş Milli Mükafatının verilməsi müasir dövrün bu görkəmli siyasi xadiminə çuvaş xalqının səmimi hörmətinin ifadəsi oldu.

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevin Çuvaşiyada olması haqqında materiallar dərc edilmiş Çuvaşiya qəzetlərinin skanlanmış səhifələrini Bakı Universitetinin şanlı məzunu haqqında xatirə kimi universitetə hədiyyə etdim. Qoy, Azərbaycanın gənc nəsli millətin Liderinin böyüklüyünü daha dərindən anlasın! Qoy, Azərbaycanın gənc nəsli həyatını kimin nümunəsi əsasında qurmağa şübhə etməsin!

Mən həm də ona görə fəxr edirəm ki, Heydər Əliyev İ.N.Ulyanov adına Çuvaşiya Dövlət Universitetində rəsmi səfərdə olarkən onunla şəxsən görüşmək şərəfinə nail olmuşam. Gələn il mən çuvaş xalqının əcdadları – oqurlar (bolqarlar) və I-IV əsrlərdə Biləsuvar rayonunun ərazisində olmuş suvarlar haqqında sənədli televiziya filmi çəkəcəyəm. İstərdim ki, bu film çuvaş xalqı ilə Azərbaycan xalqı arasında, Rusiya ilə Azərbaycan arasında qədim dövrlərdən zəmanəmizə qədər dostluğun daha bir parlaq rəmzi olsun.

Heydər Əliyev Çeboksarıda olarkən “Qələbə” memorial parkında bir küknar ağacı əkib. Bu gün həmin ağac onun haqqında canlı xatirədir. Mən Azərbaycana səfərimdən sonra həmin küknar ağacının yanına gəlib deyirəm: “Salam, möhtərəm Heydər Əlirza oğlu! Oğlunuzun - müdrik siyasi və dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Sizin yolunuzla – firavanlıq yolu ilə inamla irəliləyir”.

Salam, gələcəyə doğru irəliləyən gözəl Azərbaycan!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti