Bakı. Elçin Mehdiyev - Trend:
Parlamentdə iki ardıcıl ildə ilk dəfədir ki, iki fərqli Baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur.
Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ilk növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə edir”.
Z.Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və institusional xarakter daşıdıqca daha artıq vətəndaşlar bu prosesi müdafiə edir, fəal iştirak edir: "Yeni elitanın formalaşmasına hamı öz töhfəsini verməlidir. Ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”.
O, həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir: “Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. Bu gün ölkədə əmək bazarına daxil olanların 60 faizinin texniki peşə və ali təhsili yoxdur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səsləndirdiyi səhmdar cəmiyyət və yeni koorparativ idarətmə mədəniyyətindən danışdı. Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividendlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.