...

2020-ci ildə Azərbaycan regionu işğal siyasətindən xilas etməklə tarix yazdı - Könül Nurullayeva

Siyasət Materials 30 Dekabr 2020 17:08 (UTC +04:00)
2020-ci ildə Azərbaycan regionu işğal siyasətindən xilas etməklə tarix yazdı - Könül Nurullayeva

Bakı. Trend:

2020-ci il artıq başa çatmaq üzrədir. Bu il Azərbaycan xalqı üçün tarixi bir il oldu. Vətən müharibəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilin ən vacib hadisəsi oldu. Müharibənin səbəblərinə gəlincə, 2020-ci il ərzində Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam edirdi. İşğalçı ölkənin məqsədi “status-kvo”nu qorumaq və tarixi Azərbaycan ərazilərinin ilhaqına nail olmaq idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdırdı:

"Bütün hadisələr, Ermənistanın təxribatçı davranışları əks-hücum əməliyyatını zərurətə çevirirdi. İyul hadisələrindən sonra daha da azğınlaşmış Ermənistanın baş naziri Azərbaycana qarşı yeddi şərt irəli sürdü. Prezident İlham Əliyev bu şərtləri rədd etdi və yalnız bir şərtinin olduğunu vurğuladı - Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Lakin özünü cəzasızlıq mühitində hiss edən Ermənistan isə təmas xətti boyunca əlavə hərbi qüvvələr yerləşdirirdi. Avqustda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etdi. 24 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi.

Beləliklə, 27 sentyabrda Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Azərbaycan ordusu mülki əhalini qorumaq və ərazi bütövlüyünü bərpa etmək məqsədilə uğurlu əks-hücum əməliyyatı başladı və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etdi. Bu, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixi qələbəsidir".

Deputat qeyd edib ki, məlumdur ki, bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur:

"Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn normaları çərçivəsində istifadə etdi.

Bu, işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi. Bu müharibə Ermənistanda ciddi sosial, iqtisadi tənəzzülə, ağır mənəvi-psixoloji duruma səbəb olub, ölkədə daxili qarşıdurma pik həddə çatıb. Ermənistanın siyasi-hərbi elitası da bu reallığı etiraf edir. İşğlaçı ölkədə də qəbul edirlər ki, ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. İşğalçı ölkənin prezidentinin “Ermənistanda dövlət orqanı təyinatı üzrə deyil, ona rəhbər təyin edilmiş adamın şəxsi əlavəsi kimi fəaliyyət göstərir” söyləməsi ölkədəki idarəçiliyin və siyasi mühitin hansı səviyyədə olduğunu qiymətləndirməyə imkan verir. Təbii ki, Ermənistanın bu duruma düşməsinin əsas səbəbi onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

Ümumiyyətlə, il ərzində proseslərin gedişi göstərdi ki, Azərbaycan milli maraqlara əsaslanan, bərabərhüquqlu, bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın mövqeyini dünyada gücləndirib, nüfuzunu artırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti