...

İlk dəfədir ki, müstəqilliyimizi yenidən bərpa etdiyimiz bu günü qalib xalq kimi qeyd edirik - Deputat

Siyasət Materials 18 Oktyabr 2021 11:16 (UTC +04:00)
İlk dəfədir ki, müstəqilliyimizi yenidən bərpa etdiyimiz bu günü qalib xalq kimi qeyd edirik - Deputat

Bakı. Trend:

Bu il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin 30 ili tamam olur. Zamanın yaratdığı tarixi şərait nəticəsində 1991-ci ilin bu günündə Azərbaycan Ali Sovetinin sessiyasında qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan yenidən dövlət müsəqilliyini bərpa etmişdir. Məhz bu gün Azərbaycan 2-ci dəfə müstəqillik əldə etdi, eləcə də dövlətçiliyimizin qorunmasına ümidlər yarandı. 2 il sonra, elə oktyabr ayında müasir Azərbaycanın memarı, Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi isə Azərbaycanı parlaq gələcəyə götürdü. Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində müstəqilliyimizin əbədiliyinə zəmanət verilir.

Ölkəmizin inkişafı, dövlət-xalq birliyi, insanların milli ruhda yaşaması, xüsusən də ordunun güclənməsi ilə torpaqlarımızı işğaldan azad etdik. Yaranan hərc-mərclik və siyasi xaosdan istifadə edərək öz havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edən düşmənin layiqli cavabını verdik. İlk dəfədir ki, müstəqilliyimizi yenidən bərpa etdiyimiz bu günü tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik.

Bu ilin oktyabrında “Müstəqillik Günü haqqında” qanun layihəsi ətrafında aparılan müzakirələrin nəticəsində qanun qüvvəyə mindi. Biz sosial şəbəkələr və elektron mediaya nəzər saldıqda da qanun layihəsinin zəruriliyinin və cəmiyyət tərəfindən olduqca müsbət qarşılandığının şahidi olduq. “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü”nun həmin günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Müasir Azərbaycan öz ərazi bötövlüyünü bərpa etdikdən sonra varisi olduğu AXC-nin dövründəki tarixi torpaqlara dinc yolla da qayıda bilər. Bu, həm də dövlətimizin tarixi məsələlərə həssas yanaşmasını ehtiva edir.

Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra dövlət tərəfindən yeni meyarlar müəyyənləşdirildi və yeni üfuqlər açıldı. Yeni hədəflərlə bağlı məsələləri böyük qürurla ifadə edirik. Təbii ki, bunun əsas səbəbi torpaqlarımızın azad edilməsi ilə ərazi bötüvlüyümüzün bərpası və Şəhidlərimizin qisasının alınması ilə milli kimliyimizin qaytarılmasıdır. Müzəffər Ali Baş Komandanın özünün dediyi kimi, “Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq”. Azərbaycan dövləti və Azərbaycan xalqı Şəhidlərimizi daim yaşadacaq, Şəhid ailələri və müharibə veteranlarını diqqət və qayğı ilə əhatə edəcək. Azərbaycanı güclü dövlətə çevirən və bu gücü bütün dünyaya sübut edən güclü rəhbərimizin başçılığı ilə xalqımız daha parlaq günlərə doğru irəliləyir.

Şahin İsmayılov

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Məqalədə:
Xəbər lenti

Xəbər lenti