...

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayir - Ceyhun Bayramov (FOTO)

Siyasət Materials 20 İyul 2022 07:29 (UTC +04:00)

Bakı. Trend:

19 iyul 2022-ci il tarixində Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Avropa Siyasət Mərkəzində (EPC) keçirilən tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə Avropa Siyasət Mərkəzində təşkil edilən “EPC Ceyhun Bayramovla geosiyasətdən danışır” başlıqlı tədbirdə Avropa İttifaqının müxtəlif siyasi institutlarının rəsmiləri, Avropa Parlamentindən nümayəndələr, Belçika Xarici İşlər Nazirliyinin əməkdaşları, müxtəlif beyin mərkəzlərinin əməkdaşları, media nümayəndələri, Belçikada fəaliyyət göstərən diplomatik korpusun əməkdaşları və digərləri iştirak ediblər.

EPC-nin baş siyasi təhlilçisi Amanda Polun moderatorluğu ilə baş tutan tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan və Avropa İttifaqı tərəfdaşlığının mühüm məsələlərindən bəhs edib, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda baş tutmuş son görüşü, enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə məlumat verib, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Azərbaycanın bu gün elektrik enerjisi ixracatçısı olduğunu qeyd edən nazir, gələcək illərdə Avropaya yaşıl mənbələrdən əldə edilən elektrik enerjisi ixrac ediləcəyinə inamını ifadə edib.

Bundan əlavə, nazir Ceyhun Bayramov işğaldan azad olmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, bu gün iməcburi köçkün ailələrinin bir qrupunun azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə geri döndüyü məmnunluqla vurğulayıb.

Ardınca xarici işlər naziri Ceyhun Bayramov iştirakçılar tərəfindən ünvanlanan çoxsaylı sualları cavablandırıb, o cümlədən Cənubi Qafqazda İkinci Qarabağ müharibəsi sonrası yaranan yeni vəziyyət, nəqliyyat bağlantıları, sülhün əldə olunması səyləri, habelə Ukraynadakı vəziyyət, Aİ-Azərbaycan arasında enerji sahəsində imzalanan Anlaşma Memorandumunun nəticələri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti