...

İlqar Hüseynov: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sektorunun inkişafına yönəlik addımları Azərbaycan mətbuatının möhkəmlənməsi üçün zəmin yaradıb

Siyasət Materials 21 İyul 2022 18:15 (UTC +04:00)
İlqar Hüseynov: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sektorunun inkişafına yönəlik addımları Azərbaycan mətbuatının möhkəmlənməsi üçün zəmin yaradıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın media sektorunun inkişafına yönəlik addımları Azərbaycan mətbuatının möhkəmlənməsi üçün zəmin yaradıb.

Trend xəbər verir ki, bunu “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfransda Trend BİA-nın direktoru İlqar Hüseynov deyib.

"Məhz belə münbit mühitdə milli mətbuat ənənələrinə söykənən, müasir çağırışlarla ayaqlaşan media strukturlarını inkişaf etdirmək, Azərbaycan mediasının qlobal media müstəvisinə inteqrasiyası, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması mümkün olub", - o qeyd edib.

İ.Hüseynov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan köklü islahatlar cəmiyyətin bütün sahələrinin, o cümlədən, media sektorunun inkişafını təmin edib. Dərin institusional islahatların praktik nəticəsi olaraq daha funksional bir qurum - Medianın İnkişafı Agentliyi (MEDİA) formalaşdırılıb.

"Müasir çağırışlara tam cavab verən "Media haqqında" yeni qanunun qəbul olunmasını isə çox vacib addım kimi dəyərləndiririk. Gələcək inkişafa hədəflənən təşəbbüslər və hüquqi çərçivələr bu gün dost və tərəfdaş ölkələrlə yeni media platformalarının qurulmasını, Azərbaycan mediasının beynəlxalq aləmə çıxışını təmin edir. Azərbaycan mediası sürətlə inkişaf edir və ölkədə kifayət qədər nüfuzlu media strukturları uğurla fəaliyyət göstərir", - o əlavə edib.

İ.Hüseynov qeyd edib ki, ötən illər ərzində Trend BİA beynəlxalq media qurumları ilə əlaqələrin qurulmasına da xüsusi önəm verib. "Hər il regionun və dünyanın müxtəlif ölkələrindən olan media orqanları ilə anlaşma memorandumları imzalamaqla Trend BİA qarşılıqlı əməkdaşlıq fəaliyyətini daha da genişləndirə bilib. Bu sırada Türkiyənin Demirören İnformasiya Agentliyi (DHA) və “Albayrak Media Group” şirkəti, Çinin "Sinxua" Özbəkistanın "UzA", Qazaxıstanın "Kazinform", Qırğızıstanın "Kabar" və s. 30-a yaxın informasiya agentliyinin adını çəkmək olar", - deyə İ.Hüseynov vurğulayıb.

İ.Hüseynov bildirib ki, 2019-cu ildə Trend agentliyinin inkişaf yolu təqdimatı Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı ölkələri arasında nümunə kimi tövsiyə edilmişdir. 2020-ci ildə isə Azərbaycanın müstəqil xəbər agentliyi Brusselin tərtib etdiyi Avropanın ən nüfuzlu media resursları reytinqində "EU Reporter" və "Euractiv" kimi media nəhənglərini qabaqlayaraq üçüncü yerdə qərarlaşıb.

"Qeyd edim ki, müasir jurnalistikanın uğuru saytların istifadə etdikləri proqram təminatının səviyyəsindən daha çox asılıdır. Ona görə də peşəkar İT komandasının formalaşdırılması əsas prioritetlərimizdən biri olub. Azərbaycan mediasının hazırkı inkişaf səviyyəsini nümayiş etdirən bir məqamı da diqqətinizə çatdırım ki, artıq Trend-in hazırladığı unikal proqram təminatı xarici tərəfdaşlarımız tərəfindən böyük maraqla qarşılanır. Bu, hazırda aparıcı xarici KİV-lərin birində tətbiq edilir. Bu unikal "Made in Azerbaijan" məhsulunu xarici bazarlara ixrac etmək niyyətindəyik",- deyə İ.Hüseynov əlavə edib.

Beynəlxalq layihələrdən danışarkən İ.Hüseynov “Turkic.World” layihəsini qeyd edərək bildirib ki, bu layihə bütün türkdilli ölkələrin media qurumlarını özündə biləşdirə bildi.

"Layihənin unikallığı ondan ibarətdir ki, bütün iştirakçılara materialları həm öz ana dilində, həm digər xarici dillərdə yerləşdirmək imkanı verir və müasir proqram təminatı xəbərlərin internet məkanında geniş yayılmasını təmin edir", - deyə direktor vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq ve erməni yalan təbliğatının qarşısını almaq məqsədilə Trend tərəfindən Avropa ölkələrində bir neçə medialayihə həyata keçirilir.

"Avstriyada yaratdığımız media şirkətinin nəzdində hazırda ingilis ve almandilli iki media resursu fəaliyyət göstərir. Avstriya şirkətinin əsasında digər Avropa ölkələrində media şəbəkəsini yaratmağı planlaşdırırıq. Həmçinin, Parisdə Trend-in törəmə şirkəti fəaliyyət göstərir və məşhur jurnalist Jan Mishel Brunun rəhbərliyi altında “lagazetteaz.fr” internet-qəzeti Fransa media məkanında artıq öz yerini tutmağı bacarıb. Eyni zamanda, tərəfimizdən bir neçə beynəlxalq layihə həyata keçirilir. Qeyd edək ki, stabil ve sürətli inkişafı təmin etmek üçün fəaliyyət göstərdiyimiz ölkələrin reklam bazarına daxil olmaq istiqamətində uğurlu danışıqlar aparılır", - deyə İ.Hüseynov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti