...

Ermənistan sülh prosesini pozmaq üçün əlindən gələni edir - Afət Həsənova

Siyasət Materials 13 Fevral 2024 17:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş və sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, bu bir daha göstərir ki, Ermənistan regionda sülhün və sabitliyin tərəfdarı deyil.

“Ermənistan sözdə sülh danışıqlarına getdiyini imitasiya edərək əməldə sülh prosesinə ciddi zərbə vurur. Ermənistanın bu cür təxribat əməli Azərbaycanla münasibətlərin normallaşmasına ciddi zərbə vurur. Azərbaycan bölgədə sülhün təmin olunması üçün üzərinə düşən bütün zəruri addımları atır, Ermənistan isə öz xislətinə “sadiq” qalaraq sülh prosesini pozmaq üçün əlindən gələni edir”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, baş verən hadisələr göstərir ki, Ermənistan hələ də revanşizm xülyası ilə yaşayır.

“Ermənistan hələ də xəyal edir ki, Azərbaycandan qisas alacaq. Bu məqsədlə Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Baş verən proseslər Ermənistanın bu çirkin niyyətini açıq şəkildə göstərir. Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilir və törədilən təxribat da bu çirkin planın tərkib hissəsidir”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, kənar qüvvələr də Ermənistanın bu çirkin niyyətinə dəstək verir.

“Bir tərəfdən Aİ missiyasının genişləndirilməsi, digər tərəfdən isə Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması bu faktı bir daha təsdiq edir. Lakin Ermənistanın yaddan çıxardığı bir məsələ var – qüdrətli Azərbaycan Ordusu. Azərbaycan ordusu Ermənistan tərəfinin hər bir təxribatına layiqli cavab verərək yerinə oturtmağa hazırdır. Necə ki, 44 günlük Vətən müharibəsində şanlı ordumuz Ermənistanın mifikləşdirilmiş ordusunu məhv etdi, lazım gəldiyi halda yenə də edəcək. Dəmir yumruq hər zaman düşmənin başın əzməyə hazırdır”, - deyə A.Həsənova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti