Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzv olduğu Beynəlxalq Demokratlar İttifaqında təmsil olunan dövlətlərin gənclərdən ibarət nümayəndə heyəti sentyabrda Azərbaycana səfər edəcək. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov bildirib.
Qeyd edək ki, AMİP Gənclər Təşkilatı Beynəlxalq Demokratlar İttifaqına (BDİ) üzv olan partiyaların gənclər təşkilatlarını özündə birləşdirən Beynəlxalq Gənc Demokratik İttifaqı (BGDİ) və Nordinq Ölkələri Gənclər Təşkilatları arasında birgə layihə həyata keçirməklə bağlı saziş imzalayıb. Layihədə əsas məqsəd gənclər təşkilatları arasında təcrübə mübadiləsi aparmaq, gəncləri siyasi proseslərə cəlb etmək və siyasi aktivliyi artırılması ilə bağlı müzakirələr aparmaq, həmçinin seçki təcrübəsini öyrənməkdir.
Layihənin birinci hissəsinin aprel ayında Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulmuşdu. Layihə çərçivəsində BGDİ və Nordinq Ölkələri Gənclər Təşkilatlarının parlamentdə təmsil olunan gənc parlamentariləri ölkəmizdə 5 günlük səfərdə olacaqdılar. Lakin AMİP növbəti qurultayına və mayın 13-də keçiriləcək təkrar seçkilərə hazırlaşdığı üçün bu layihə müvəqqəti olaraq həyata keçirilməyib.
F.Muxtarov bildirib ki, layihə qüvvədədir və bu tədbirlərin həyata keçirilməsi Nordinq Ölkələri Gənclər Təşkilatlarına tapşırılıb: "Biz istəyirik ki, qonşu Gürcüstanın parlamentində təmsil olan Sağlar Partiyası da bu layihədə iştirak etsin. Bu məqsədlə də onlarla danışıqlarımız olub." AMİP rəsmisi onu da vurğulayıb ki, BDİ özündə 80-dən çox gənclər təşkilatını birləşdirir.