...

Dekabrın 1-də müxalifətin yeni birliyinin formalaşması və birgə tədbirlərinə dair qərar veriləcək

Siyasət Materials 29 Noyabr 2006 15:57 (UTC +04:00)

Müxalifətin yeni birliyinin yaradılıb-yaradılmamasına, həmçinin əməkdaşlıq formalarına, birgə aksiyaların keçirilməsinə dair cümə günü qərar qəbul olunacaq. Bu barədə Trend ə müxalifətçi Ümid Partiyasının sədrni, millət vəkili İqbal Ağazadə məlumat verib.

O bildirib ki, müxalifətin ümumi toplantısında bir sıra məsələlərə dair qərarlar olacaq. Görüşdə müxalifət partiyalarının yeni qurumunun yaradılması, hansı tədbirlərin keçirilməsi və digər təkliflər müzakirə olunacaq: "Hər partiyanın öz təklifləri var və bunlar müzakirəyə çıxarılacaq. Hələlik yeni birliyin yaradılması, yaxud birgə kütləvi aksiyaların təşkili müzakirə olunmayıb. Bütün bunlarla bağlı hazırda heç bir qərar yoxdur. Amma bu məsələlər gündəlikdə var və müzakirə ediləcək"-deyə İ.Ağazadə bildirib.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, görüşdə partiyanın təklifləri müzakirə olunur. Onun sözlərinə görə, həm müxalifətin yeni bir qurumunun yaradılması, həm də partiyalararası əməkdaşlıq məsələləri gündəmdədir: "Bütün hallarda əməkdaşlıq daha önəmlidir. Qalan məsələləri müzakirələrin nəticəsi göstərəcək. Bizim partiyanın təklifi ondan ibarətdir ki, müxalifətin vahid mövqedən çıxış etməsi, güc mərkəzlərinin birləşdirilməsi, ümummilli məsələlərin birgə müzakirə olunması, cəmiyyəti narahat edən problemlərin həlli yollarını birgə axtarmaq lazımdır"-deyə M.Mirəlioğlu qeyd edib.

İqtitaryönlü Ana Vətən Partiyasının sədri, millət vəkili Fəazil Ağamalı isə müxalifətin bu təşəbüsləri barədə fikrini bildirərkən onların birgə fəaliyyətlərinin növbəti dəfə effekt verməyəcəyini deyib: "Müxalifətin bundan da geniş spektri əhatə edən birlikləri yaradılıb. 1998-ci il prezident seçkiləri zamanı, 2000-ilin əvvəllərində, 2003-cü ilin prezident seçkilərində iri müxalifət partiyalarının birlikləri yaradıldı. Lakin sonradan hər kəs öz iddiasını ortaya qoydu və bu qurumlar da dağıldı, cəmiyyətin ümidlərini doğrulda biləcək təşkilata çevrilmədi. Hesab edirəm ki, atılmış bu addımların taleyi təkrarlanacaq. Yəni, indiki birlik cəhdləri də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək".

F.Ağamalı xatırladıb ki, müxalifətin bir müddət əvvəl də müqavimət hərəkatı yaradıldı, lakin konkret nəticə vermədi. Onun fikrincə, müxalifət partiyalarının hamısı bir lideri qəbul etmir. Çünki onların içərisində fərqlənən, hamı tərəfindən qəbul edilən lider yoxdur: "Müxalifət liderləri arasında birinin ambisiyası digərlərinə mane olur. Deməli, onların hər hansı birliyi də müvəqqəti xarakter daşıyır və effekt vermir".

Xəbər lenti

Xəbər lenti