...

Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Murat Mərcanı qəbul edib

Siyasət Materials 11 Dekabr 2006 19:27 (UTC +04:00)

Dekabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Murat Mərcanı qəbul edib.

Trend xəbər verir ki, O.Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən məmnun qaldığını bildirib.

Qeyd edilib ki, respublika rəhbərliyi, şəxsən prezident İlham Əliyev Türkiyə ilə əməkdaşlığın dərinləşməsini daim diqqət mərkəzində saxlayır. İqtisadi, mədəni, elm, təhsil, humanitar sahələrdə davam etdirilən əməkdaşlıq parlamentlər səviyyəsində də daim inkişaf edir. Nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında səmərəli əməkdaşlıq edir, prinsipial məsələlərə eyni mövqedən münasibət bildirirlər.

Qonaq təmsil etdiyi beynəlxalq təşkilatın Bakıda keçirilən Siyasi komitəsinin iclasından və Azərbaycanda gördüklərindən söz açıb. O, belə bir fikri vurğulayıb ki, Azərbaycan günbəgün inkişaf etməkdədir. Bu, ölkəmizin dostu kimi Türkiyəni çox sevindirir. "Biz Azərbaycanın uğurlarını öz uğurlarımız hesab edirik." Nümayəndə heyətlərimizin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətindən danışan qonaq gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlıq edəcəklərini bildirib.

Görüşdə Azərbaycan parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov iştirak edib.

Xəbər lenti

Xəbər lenti