...

Böyük Britaniyanın səfiri: Cənubi Qafqazda sabitlik və sülh olmadan uzun müddətli iqtisadi inkişafa nail olmaq çox çətin olacaq

Siyasət Materials 22 Dekabr 2006 11:30 (UTC +04:00)
Böyük Britaniyanın səfiri: Cənubi Qafqazda sabitlik və sülh olmadan uzun müddətli iqtisadi inkişafa nail olmaq çox çətin olacaq

Trend in Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou ilə eksklüziv müsahibəsi

- Böyük Britaniya Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa hansı əhəmiyyəti verir? Sizin fikrinizcə, hansı amillər əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə yardım edir, hansılar isə buna mane olur?

- Cənubi Qafqaz bölgəsinin gələcəyi Böyük Britaniya üçün çox mühümdür. Bizim üçün Cənubi Qafqazın hər üç respublikasının gələcək sabit, demokratik və qanuni inkişafı çox vacibdir. Bölgədə sabitlik və sülh olmadan uzun müddətli iqtisadi inkişafa nail olmaq və ölkələrin öz potensiallarından tam istifadə etməsi çox çətin olacaq.
Azərbaycan Qərbin demokratik institutları ilə öz münasibətlərini genişləndirir və düşünürəm ki, bu, Azərbaycanın demokratik və iqtisadi islahatları həyata keçirməsinə kömək edəcək.

- Sizin fikrinizcə, Azərbaycan və Böyük Britaniyanın qarşılıqlı münasibətlərinin hazırki səviyyəsi mövcud potensiala və iki ölkənin maraqlarına nə dərəcədə cavab verir?

- Bizim ikitərəfli münasibətlərimiz yaxşı səviyyədədir. Bildiyiniz kimi, Böyük Britaniya Azərbaycanda neft və qaz sektorunun inkişafında maraqlıdır və biz şadıq ki, BP şirkəti neft və qaz sektorunun inkişafı üzrə beynəlxalq konsorsiuma başçılıq edir.
Lakin bizim münasibətlərimiz genişlənməkdə davam edir. Biz birlikdə bir çox məsələlər, o cümlədən beynəlxalq təhlükəsizlik məsələsi üzərində işləyirik. Və demokratiyaya və qanunun üstünlüyünə uğurlu keçid zamanı Azərbaycanı dəstəkləmək Böyük Britaniyanın marağındadır.
Və əlbəttə, mən gələcəkdə bizim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək istərdim. Mən Azərbaycan və Böyük Britaniya arasında biznes, təhsil və ya istirahət məqsədilə səyahət edən daha çox insan görmək istərdim. Mən qeyri-neft sektorunda fəaliyyət göstərən daha çox Britaniya şirkəti görmək istərdim. Əminəm ki, əgər Azərbaycan biznes üçün cəlbedici, açıq və rəqabətli iqlim yaratmağa müvəffəq olsa, o, qeyri-neft sektoruna daha çox xarici şirkət və investisiya cəlb etmək iqtidarında olacaq.

- Böyük Britaniya Avropa Birliyinin üzvü kimi, Azərbaycanın bu təşkilata inteqrasiyasına necə yardım edə bilər? Avropa Cənubi Qafqaz ölkələrini Avropa Birliyinə qəbul etməyə hazırdırmı və Cənubi Qafqaz ölkələri Avropa Birliyinə daxil olmaq üçün nə dərəcədə hazırdırlar?

- Böyük Britaniya və AB Azərbaycanın öz xalqının azadlığı, təhlükəsizliyi və çiçəklənməsinə nail olmaq arzusunu tamamilə dəstəkləyir. Bu, prinsip etibarilə, bizim Avropa dəyərləri haqqında danışarkən nəzərdə tutduğumuz məsələdir.
Hər üç Qafqaz ölkəsi bu yaxınlarda Fəaliyyət Planını imzalayıb və həmin Plan Qafqaz ölkələrinin gələcəkdə Avropaya inteqrasiya etməsi üçün bölgədə hər bir ölkənin və AB- nin növbəti bir neçə il ərzində necə birgə işləyəcəklərini müəyyən edib. Mən ümid edirəm ki, Azərbaycanda bu fəaliyyət planı iqtisadi islahatların çox sürətli inkişafına və azadlıq, demokratiya və qanunun üstünlüyü əsaslarının güclənməsinə səbəb olacaq. Bu da Azərbaycan və AB-nin uzun müddətli münasibətləri üçün əsasdır.

- Necə hesab edirsiniz, ümumilikdə Cənubi Qafqazdakı münaqişəli vəziyyətləri necə həll etmək olar? Böyük Britaniya Dağlıq Qarabağ probleminin həlli, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm alternativ mənbə olmağa başlayan Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması üçün səylərini gücləndirə bilərmi?

- İlk növbədə, düşünürəm ki, biz bu münaqişənin böyük və hələ də davam edən dəyərini anlamalıyıq. Bu, məhv edilmiş həyatlardır, bu, cəmiyyətə vurulan ziyandır, bu, itirilmiş imkanlardır. Böyük Britaniya Cənubi Qafqaz xalqlarının bu münaqişələri həll etmək üçün ədalətli və davam edən səylərini dəstəkləyir.
Mən inanıram ki, münaqişənin yeganə həll yolu danışıqlardır və Böyük Britaniya Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlar prosesinə cəlb olunması faktını dəstəkləyir.

- Enerji sahəsi Avropa qitəsində sabitlik və inteqrasiyanın mühüm amili, xarici siyasətin və təhlükəsizlik siyasətinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Bu amil Azərbaycanın regional lider kimi statusunun daha da çox tanınması üçün nə dərəcədə stimul rolunu oynayacaq?

- Mən düşünürəm ki, Azərbaycanın eyni zamanda uzun müddətli perspektivdə şəxsi iqtisadi təhlükəsizliyini müdafiə edərək, Avropa və qlobal enerji təhlükəsizliyinə töhvə verməsi düzgün deyil. Biz inanırıq ki, Avropanın enerji təhlükəsizliyi tədarüklərin müxtəlifliyinin inkişaf etdirilməsi yolu ilə, eləcə də açıq və rəqabətli enerji bazarları vasitəsilə sığortalanacaq. Mən inanıram ki, Azərbaycanın gələcək təhlükəsizliyi və çiçəklənməsi neftdən gələn gəlirlərin səmərəli istifadə olunması yolu ilə təmin olunacaq.
Şadam ki, Azərbaycan Böyük Britaniya hökümətinin neft və qaz sənayesindən əldə olunan gəlirlərin düzgün idarə edilməsi yolunun tapılması məqsədilə irəli sürdüyü Hasilat sənayesində şəffaflıq Təşəbbüsündə (EITI) aparıcı rol oynayır. Yalnız bu, əlbəttə ki, neftdən gələn gəlirlərin effektiv idarə olunmasının zəmanəti deyil. Lakin bu Təşəbbüs Azərbaycan xalqına məxsus ehityatlardan ən yaxşı şəkildə necə istifadə etmək lazım olduğunu anlamağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti