...

VİP sədri Əli Əliyev : " Azadlıq " bloku hesab edir ki , ADP - nin iki hissəyə parçalanmasının qarşısını almaq üçün potensial var və bundan istifadə olunmalıdır "

Siyasət Materials 21 Fevral 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Azadlıq" bloku Sədrlər Şurasının fevralın 21-də keçirilən iclasında blokun üzvü olan Azərbaycan Demokrat Partiyasında (ADP) yaranmış vəziyyət müzakirə olunub. Bu barədə Trend ə açıqlamasında blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, ADP qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu partiyada cərəyan edən proseslər haqqında məlumat verib.

"Bununla bağlı müzakirələr apardıq. Hesab edirik ki, fikir ayrılığının aradan qaldırılması üçün mümkün olan qədər danışıqları davam etdirmək lazımdır. Hər halda ADP-nin iki hissəyə parçalanmasının qarşısını almaq üçün potensial qalıb. Sərdar Cəlaloğluna təklif etdik ki, bu potensialdan istifadə olunsun. Amma "Azadlıq" bloku əvvəlki mövqeyində qalır", -deyə Əli Əliyev əlavə edib.

Sədrlər Şurasının üzvləri S.Cəlaloğluna təklif ediblər ki, mümkün qədər kompromis mövqe tutsun.

Bundan başqa, iclasda Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı blokun həyata keçirəcəyi tədbirlər və Vətəndaş və İnkişaf Partiyasının qeydiyyat problemi ilə bağlı blok adından beynəlxalq təşkilatlara ünvanlanacaq müraciət müzakirə olunub.

Xatırladaq ki, müxalifəti təmsil edən Azərbaycan Demokrat Partiyasında uzun müddət yaşanan daxili gərginlik sədr Rəsul Quliyevlə onun keçmiş birinci müavini Sərdar Cəlaloğlunun tərəfdarlarının yollarının ayrılmasına səbəb olub. S.Cəlaloğlunun tərəfdarları Rəsul Quliyevi ADP sıralarından xaric ediblər. R.Quliyevin tərəfdarları isə Sərdar Cəlaloğlunu partiyadan uzaqlaşdırdıqlarını açıqlayıblar. "Azadlıq" bloku isə ADP kimi Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi təşkilatı tanıyıb.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti