...

Müsavat Partiyası müxalifətin yeni birliyinin yaradılması ilə bağlı danışıqlarda iştirak etmir

Siyasət Materials 12 Aprel 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Klassik Xalq Cəbhəsi Partiyasının təşəbbüsü ilə müxalifətin yeni birliyinin yaradılması istiqamətində aparılan danışıqlarda Müsavat Partiyası iştirak etmir. Bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.

Onun sözlərinə görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu müxalifətin yeni əməkdaşlığının yaradılması ilə bağlı Müsavat Partiyasına müraciət edib: "Biz də bu müraciətə cavab vermişdik. Birgə məsələhətləşmələrdə iştirak etməyə razılığımızı bildirmişdik. Lakin son mərhələdə bizə hər hansı müraciət gəlməyib. Ona görə də hazırda danışıqlarda iştirak etmirik".

Müsavat başqanı qeyd edib ki, müxalifətin ittifaqının təsisçiliyində iştirak etməklə bağlı yeni dəvət gələrsə, bunu müzakirə edib cavab verəcəklər.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti