Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda yaradılmış qondarma rejim beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün "seçki" oyunları təşkil edir. Bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın çərşənbə günü keçirilən iclasında səsləndirib.
MSK sədri uzun illər Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda gedən digər proseslərə ciddi maneələr yaratdığını deyib. Pənahov bildirib ki, Qarabağın işğal edilməsində Ermənistanın himayədarları da olub.
"Avropa Şurasının illik hesabatında da Azərbaycan torpaqlarının işğal altında olması faktı öz əksini tapıb. Digər beynəlxalq təşkilatlar da analoji mövqe nümayiş etdiriblər. Heç bir qüvvə arxayın olmamalıdır ki, ermənilər hazırda Qarabağda şərait yaradıblar və bu, dəyişdirilə bilməz. Ermənilərin bütün seçki şouları gündəmdə qalmaq məqsədi ilə həyata keçirilir" - deyə Pənahov vurğulayıb.
MSK sədrinin sözlərinə görə, erməni separatçılarının növbəti "seçki" oyunu bu rejimin və onların havadarlarının hoqqabazlığıdır. "Bununla Qarabağdakı rejim öz mövcudluğunu beynəlxalq aləmə qəbul etdirmək istəyir" - deyə MSK sədri vurğulayıb.
MSK katibi Natiq Məmmədov Azərbaycan dövləti tərəfindən aparılan siyasətin ermənilərin yalanlarını üzə çıxardığını deyib. O, istənilən halda torpaqların işğaldan azad ediləcəyini vurğulayıb: "Ermənistan tərəfi bu seçkilərlə görüntü yaratmağa və işğal faktına hüquqi don geydirməyə çalışır. İşğal faktından sonra Qarabağda qalmış erməni mənşəli Azərbaycan vətndaşları da Ermənistanın əlində oyuncağa çevriliblər. Bu məsələ dünya dövlətləri tərəfindən pislənməlidir".
İclasda MSK üzvləri Azər Tağıyev, Nizami Əhmədov, Oqtay Hümbətov, Akif Qurbanov və digərləri də çıxış edərək Qarabağda keçirilən seçkilərin beynəlxalq hüquqa zidd olduğunu qeyd ediblər. İclasın sonunda erməni separatçılarının iyulun 19-da Dağlıq Qarabağda qondarma "seçki" keçirmək cəhdini pisləyən bəyanat qəbul olunub.