Azərbaycan Prezidenti Aparatının rəhbəri Ramiz Mehdiyevin "Gündəlik dəyişməz qalır: müasirləşdirməyə doğru" məqaləsindən rəy
Bu gün Azərbaycan gəncliyi yeni idarəçilər nəsli, mədəniyyət nümayəndələri, dünya birinciliyində liderliyi təmin etmiş onlarla idmançıdır. Bu, gələcəkdə dövlətin suverenliyi, cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, Azərbaycanın gələcək nəsilləri üçün lazımi mühitin formalaşdırılmasına görə məsuliyyət daşıyacaq nəsildir. Azərbaycan böyük imkanlar ölkəsidir və Azərbaycan gəncliyi qarşısında dövlətin bu potensialından tam mənası ilə istifadə etmək vəzifəsi dayanır. Son illərdə dövlətin intensiv iqtisadi inkişafı gənclər arasında işsizlik probleminin həllinə zəmin yaradıb.
İpoteka fondunun yaradılması gənc ailələr üçün mənzil problemini asanlaşdırıb, qeyri-hökumət təşkilatlarının dövlət dəstəklənməsi Şurasının yaradılması dövlətin həyatında üçüncü sektorun canlanmasına yönəlmiş sosial layihələrdə gənc insanların iştirakını təmin edir. Bununla yanaşı, Prezident İlham Əliyevin 5000 gənci xaricə təhsil almağa göndərmək barədə qərarı ən yeni ixtisaslar üzrə ali təhsil almaq imkanlarını genişləndirir, gənclərin ümumi intellektual səviyyəsini artırır, yeni dünyagörüşə malik mühit formalaşdırır, yeni top-menecerlərin inkişafının əsasını qoyur.
Prezident İlham Əliyev yeni idarəçilər üçün zəruri bazisin yaradılması, ölkənin müasir dünya nizamının kateqoriyaları üzrə fikirləşməyə və düşünməyə qadir, dövlətin maraqlarını müdafiə etməyi bacaran kadrlarla təmin edilməsi vəzifəsini qarşıya qoyub. Sadə dillə desək, əgər biz hamımız bir təyyarədə uçmalı olsaq, o zaman təyyarəçini onun sosial və ya maddi statusuna görə deyil, təyyarəni idarə etmək bacarığına görə seçməli olacağıq.
Beləliklə, bizə təşəbbüskar, intellektual, yaradıcı (bədii) və həqiqi vətənpərvər olan insanlar lazımdır. Bu strateji məqsədin əsasında üç əsas amil dayanır: müasirləşdirmə kursunun uğurunun təmin edilməsinə səylər, siyasi institutlar və ənənələri möhkəmləndirmək və intensiv qərbləşmə və qloballaşma şəraitində milli "MƏN"i saxlamaq. Biz xatırlamalıyıq ki, köklərindən məhrum xalq instinkt və ehtiraslarla yaşayır.
Sosiumun əsas həlqəsi olan gənclik demokratikləşmə prosesinin ayrılmaz hissəsidir və o, cəmiyyətin transparentliyinin fəal inteqratoru kimi çıxış edir. Laki təəssüflə etiraf etmək lazımdır ki, tez-tez bəzi siyasi qruplar gənclərin sadəlövhlüyü və ya təcrübəsizliyindən istifadə etməyə çalışırlar. Gəncliyin ictmai iradənin ruporu, müsbət sosial dəyişikliklərin carçısı olması, demokratik transformasiyanın əhəmiyyətli elementi kimi çıxış etməsi tamamilə başqa məsələdir. Lakin gənclikdən müxtəlif korporativ maraqların reallaşdırılmasında və ya dağıdıcı məqsədlər üçün istifadə edilməsi tamamilə yolverilməzdir.
2005-ci ildə, bir sıra postsovet dövlətləri "rəngli transformasiyalar" dövrünü yaşadıqları zaman, "Etiraz", "Boşluq" və "Kmara" təcrübəsi Azərbaycanda analoji "məxməri inqilab"a ümid bəsləyənlər üçün ilham mənbəyi oldu. Ölkədə vəzifəsi yalnız xarici məsləhətçi və sponsorların iradəsinin ifadə edilməsi və reallaşdırılmasından ibarət müxtəlif klientalist gənclər təşkilatları yaradılmağa başladı. Cin Şarpın "Qeyri-zorakı inqilabın bibliyası" adlandırılan "Diktaturadan demokratiyaya" kitabını stolüstü vəsaitə çevirən bu təşkilatlar Azərbaycan gənclərinin nümayəndələrini demokratiya quruculuğu üçün sınanılmış kurs kimi təqdim olunan kifayət qədər şübhəli ideyaların reallaşdırılması naminə qarşıdurmaya cəlb etməyə çalışırdılar.
"Rəngli ssenarilərin" müəllifləri, sadəcə, bir həqiqəti mənimsəməyi bacarmırdılar ki, qərb cəmiyyətləri onillərlə yetişdirilən ənənələr və toplanmış təcrübəyə əsaslanaraq, demokratiya nümayəndələrinin disfunksiyasının aradan qaldırılması, demokratik institutların postsənaye dövrünün həqiqətləri ilə uyğun vəziyyətə gətirilməsi problemini həll edirlər.
Cənub və Şərq cəmiyyətlərinin qarşısında isə, onların demokratiya təcrübəsi şərtləri və ənələrinə cavab verən, sarsıntı və faciəli dağıtmalar olmadan, demokratik dəyişikliklərin təkamül formalarının çox çətin yetişdirmə və "mənimsəmə" prosesi dayanır. "Demokratikləşmə"nin ayrı bir milli mühitdə yetişdirilmiş modelinin təqlidi və köçürülməsinə edilən bütün səylər əsassızdır və yanlışdır. "İdeyalar ixracı" "inqliablar ixracına" qohumdur. Keçmişin təcrübəsindən bilirik ki, Sovet rəhbərliyinin sosialist inqilabını ərəb dünyası və Afrika qitəsinə "ixrac etmək" cəhdləri uğursuzluğa düçar olub. Bütün bunlara isə, milyardlarla Amerika dolları sərf edilmişdi. İstənilən ideyanın, o cümlədən də mütərəqqi ideyanın həyata keçirilməsində cəmiyyətin arzu edilən deyil, real vəziyyətinə istiqamətlənmək lazımdır.
Eyni zamanda, unutmaq lazım deyil ki, milli demokratik tranzitin özünəməxsusluğu onun ənənəvi cəmiyyətlər kateqoriyasına aid ölkədə həyata keçirilməsindən ibarətdir. Sovet dövründə Azərbaycan yüksək urbanizasiyalaşmış və əhali arasında təhsilin səviyyəsinin yüksək olduğusənaye ölkəsinə çevrildi. Bu illərdə tamamilə yeni faktorlar formalaşdırıldı. Bu faktorlar gələcəkdə Azərbaycan cəmiyyətinin demokratikləşməsinə zəmin yaradıb. Təbii ki, bu məsələdə ölkənin Avropanın sivil arealı ilə əlaqələri böyük rol oynayıb.
Azərbaycan mentallığının arxetiplərində əvvəldən Şərq və Qərb mühitinin bir-birini tamamlayan mühitinə müvafiq formada azadlıq, həqiqət idelları olub. "Azad düşüncəyə doğru broun hərəkətinin" əsası olmuş "Qorbaçov dəyişmələri" dövründə bu ideallar Dağlıq Qarabağ məsələsində ədalətin təmin edilməsi ideyalarının təcəssümü oldu. Dağlıq Qarabağın Ermənistanın xeyrinə Azərbaycandan sesessiyasının (ayrılmasının - müəllifin qeydi) qarşısını almağa yönəlmiş səylər 1988 -1989-cu illərdə xalq hərəkatının əsas ideyası - mühərriki olub.
Yalnız 1990-ci ilin yanvar hadisələrindən sonra xalq kütlələrinin dərinliklərində dolaşan milli müstəqillik ideyası insanların ağlına hakim kəsildi, milli və dövlət müstəqilliyi uğrunda mübarizədə əsas məqsəd oldu. Ölkəni yalnız erməni separatçılğının deyil, daxili parçalanmanın da təhdid etdiyi çətin 1993-cü ildə dövlətçiliyin və müstəqilliyin qorunmasının mənbələrində dayananları məhz elə bu ideallar qidalandırırdı. O zamanlar siyasi təşkilatların, ictimai hərəkatların geniş spektinin yaranması demokratik və vətəndaş şüurunun inkişafına zəmin olduğuna dəlalət edirdi.
Azərbaycanda yaradılan nümayəndəli demokratiya özünü diskreditasiya edən və dağılan sovet rejiminə yeganə mümkün alternativ oldu. Onun konkret formaları olub və bu tamamilə təbiidir, daha geniş şəkildə təşəkkül tapmış cəmiyyətlərdən mənimsənilib. Lakin biz başqalarının təcrübəsini kor-koranə təqlid etməmişik. Demokratiyanın "qərb" nümunələrini mənimsəyərək, ümumdünya demokratikləşmə təcrübəsi tarixinə tam müvafiq olaraq hərəkət etmişik. Dünyanın hər bir yerində bu proses qərb təcrübəsinin tənqidi dərk edilməsi ilə müşayiət olunub. Təqlid etmək və ya mənimsəmək heç bir yerdə sadə "standart"ın köçürülməsinə, daha doğrusu, "ştamplamağa" gətirilməyib.
Yaxınlarda 17 il olacaq ki, dövlət müstəqilliyimizi elan edərək, avtarkik sovet cəmiyyəti siyasi sistemindən imtina etmişik. Bu gün Azərbaycanda kommunist dövrünün ideyaları və baxışlarına yad olan nəsil böyüyür. Bu illər ərzində transformasiya xərcləri və müstəqilliyin ilk illərinin dərin sosial sarsıntılarını görməyən gənclər nəsli formalaşıb. Lakin tarixi xatırlamaq, yaşananları bilmək və qiymətləndirmək son dərəcə vacibdir. Belə ki, tarixi anlamaq keçmiş səhvlərin təkrarlanmayacağının təminatıdır.
Müasir Azərbaycan demokratik transformasiyanın, açıq iqtisadiyyatın və azad vətəndaşın müasirləşən məkanıdır. Şərq və Qərb arasında körpü olan Azərbaycan yalnız mədəni qovşaq deyil, həm də vacib geosiyasi və geoiqtisadi amildir. Bütün bunlar bizə həm regionda, həm də ondan kənarda göstərilən münasibəti qabaqcadan müəyyən edir. Biz dərk etməliyik ki, coğrafi determinizm qanunları tez-tez qarşılıqlı münasibətləri şərtləndirir və unutmaq olmaz ki, "əsl düşmənlər olmadan əsl dostlar olmur".