Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir M. Əliyev/
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Türkiyə universitetlərinə qəbul olunmuş Azərbaycan vətəndaşlarının siyahısını açıqlayıb. Bu barədə Trend-ə TQDK-nin mətbuat xidmətindən bildiriblər.
2010/2011-ci tədris ili üçün Türkiyə universitetlərində Azərbaycan vətəndaşlarına ayrılmış 48 yerdən 20 nəfəri türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə birillik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunublar.
Qəbul edilənlərin 12 nəfəri daxil olduqları universitetin birinci kursuna qəbul olunurlar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar; 16 nəfər isə yalnız birillik türk dili kursunda təhsil aldıqdan sonra, daxil olduqları universitetin birinci kursuna qəbul olunacaqlar.
Həmin abituriyentlərin siyahısı TQDK-nin internet saytında yerləşdirilib.
Qəbul olunmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün 10-18 iyun 2010-cu il tarixlərində saat 10:00-dan 13:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna müraciət etməlidirlər.