Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə Qazaxıstan Milli Arxivinin binasında 1990-cı ildə Bakıda törədilmiş Qanlı 20 Yanvar hadisəsinə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, səfirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, tədbirdə Qazaxıstan ictimaiyyətinin nümayəndələri, Qazaxıstanda Azərbaycan və digər diasporların nümayəndələri, səfirliyin əməkdaşları, Azərbaycan-Qazaxıstan Dostluq və Mədəniyyət Assosiasiyasının üzvləri və mətbuat təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Arxivin baş direktoru xanım Rıstı Sariyeva Azərbaycan və Qazaxıstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərdən danışıb. Səfir Zakir Həşimov tədbir iştirakçılarına Qanlı Yanvar hadisələri və faciənin törədilmə səbəbləri barədə geniş məlumat verib. Almatı, Tbilisi və Bakıda törədilmiş hadisələrin oxşarlığı barədə fikir söyləyib, bunu o zamankı Sovet İttifaqının dağılmasının ilkin təzahürləri kimi qiymətləndirib, bunun Sovet hökuməti rəhbərliyinin milli respublikalara qarşı apardığı siyasətin nəticəsi olduğunu qeyd edib. O zamankı informasiya blokadası şəraitində ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransının tarixi əhəmiyyəti vurğulanıb.
Faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Tədbir zamanı Qanlı Yanvar hadisəsinə dair videofilm nümayiş etdirilib.
Bundan başqa, Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyasının prezidenti, Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri, "Qazaxıstan 1986-cı il dekabr hərəkatı"nın (Nağız Jeltoksan) başçısı, "Kazinform" informasiya agentliyinin prezidentinin müşaviri və Ukraynanın Qazaxıstandakı diasporunun rəhbəri çıxış edərək bu hadisələri milli azadlıq hərəkatının başlanğıcı kimi qiymətləndiriblər. Həmçinin, diasporun bəzi üzvləri öz çıxışlarında 20 Yanvar hadisəsinin dəhşətlərindən danışıblar.
Tədbirin sonunda səfir Zakir Həşimov tədbirin təşkil olunmasında göstərilmiş kömək və yaradılmış şəraitə görə Milli Arxivin rəhbərliyinə öz təşəkkürünü bildirib. İştirakçılara 20 Yanvar hadisəsinə dair səfirliyin press-relizi paylanıb. Tədbirdə iştirak edənlərə Qanlı Yanvar hadisəsinin geniş işıqlandırıldığı yerli diasporumuzun nəşr etdirdiyi "Turan Times" qəzetinin nüsxələri paylanıb.
Qazaxıstanın digər bölgələrində - Almatı, Kostanay, Petropavlovsk, Aktau və digər şəhərlərində də 20 Yanvar hadisəsinin ildönümü ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, Kostanay şəhərində 16 yanvar tarixində "Heydər" Azərbaycan gənclər diasporu tərəfindən belə bir tədbir təşkil edilib.